Azərbaycan mədəniyyətinə itki üz verib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru, Əməkdar rəssam, professor Fikrət Həşimov 8 fevral 2022-ci il tarixində, ömrünün 74-cü ilində vəfat edib.
Fikrət Məmməd oğlu Həşimov 1948-ci il fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 1968-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində İ.Repin adına Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.
Daha çox dəzgah boyakarlığı ilə məşğul olan rəssamın əsərləri Rusiya, Polşa, Almaniya, İtaliya və digər ölkələrdə sərgilərdə nümayiş etdirilib, həmçinin muzey və şəxsi kolleksiyalarda saxlanılır. Fırça ustasının “Bülbül kimi ötərdik” və “Araz çayının mahnısı” əsərləri Moskvada Dövlət Tretyakov Qalereyasının fondundadır.
Fikrət Həşimov 1999-cu ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-cu ildən 2019-cu ilə kimi Türkiyənin Ərzurum Atatürk Universitetinin Rəssamlıq fakültəsində dərs deyib, professor elmi adı alıb. 2002-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb.
Sənətkar 2019-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru vəzifəsində işləyirdi.
Allah rəhmət eləsin.