Sumqayıt RMİ Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbində Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunan konsert proqramı təşkil edilib.  Ölkəmizdə fortepiano musiqisinin tarixi, parlaq ifaçılar haqqında məlumat verilib. Fortepiano şöbəsinin şagirdləri bəstəkarlarımızın əsərlərini ifa ediblər.

Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi Fortepiano şöbəsinin 4-cü sinif şagirdi Fidan Mirzəyeva Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda keçirilən beynəlxalq vokal-instrumental müsabiqəsində 3-cü dərəcəli diploma layiq görülüb.

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin otuzuncu ildönümü ilə bağlı “Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət” adlı tədbir təşkil olunub. Çıxış edənlər faciənin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədildiyini söyləyiblər.

Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbində dahi bəstəkar Qara Qarayevin yaradıcılığına həsr olunan tədbir keçirilib. Tədbirdə bəstəkarın “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən musiqi parçaları ifa olunub, “24 prelüd” silsiləsindən nümunələr, fortepiano üçün pyeslər, “Bir məhəlləli iki nəfər” və “Dənizi fəth edənlər” kinofilmlərindən mahnılar səsləndirilib.

Sabirabad RMİ Şirvan şəhər MKS-nin 1 saylı kitabxana filialı tərəfindən “Şuşa İli” ilə əlaqədar açıq havada kitab sərgisi təşkil edilib. Sərgidə Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Məmməd Araz və digər müəlliflərin əsərləri nümayiş etdirilib.

Saatlı rayon Mədəniyyət Mərkəzinin Hacıqasımlı kənd Diyarşünaslıq klubunda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Çıxış edənlər narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə danışıblar.

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Dünəndən bu günə Azərbaycan” adlı elmi-praktik konfrans keçirilib. Mərkəzin direktoru Xəyalə Kərimova, Gənclərin İnkişaf və Karyera Mərkəzi rayon nümayəndəliyinin rəhbəri Zaur Musazadə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində misilsiz xidmətlərindən söz açıblar.

İsmayıllı RMİ Qəbələ rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən rayonun Heydər Əliyev parkında “Ağ ölümə yox deyək!” başlığı altında tədbir keçirilib. Maarifləndirici aksiyada narkotik vasitələrin istifadəsinin zərərini və acı nəticələrini özündə əks etdirən broşürlər nümayiş etdirilib.

Ağdaş RMİ Zərdab rayon Heydər Əliyev Mərkəzində Həzi Aslanov adına 3 saylı tam orta və rayon 4 saylı məktəbin şagirdləri üçün “Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir” mövzusunda mühazirə təşkil olunub. Mühazirədə Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açılıb.