“Gilan Tourism” şirkətlər qrupunun baş koordinatoru Xəlil Duru:
   “Çalışırıq ki, qonaqlarımız heç bir halda bizdən narazı getməsin”
   
   «Gilan Tourism» şirkətlər qrupunun baş koordinatoru, türkiyəli mütəxəssis Xəlil Duru turizm sahəsində 30 ildən artıq təcrübəyə malikdir. Bu sahədə müxtəlif işlərdə çalışıb. 17 yaşında hoteldə ofisiant köməkçisi kimi işə başlayıb. Ofisiant, qida şöbəsinin müdiri, icraçı menecer köməkçisi, icraçı menecer işləyib. Özünün dediyi kimi, vəzifə pilləkənlərini bir-bir qalxıb. 2008-ci ildən Azərbaycanda çalışır. Bizimlə söhbətində buradakı fəaliyyətindən danışdı, Azərbaycanda turizmin vəziyyəti, Türkiyə təcrübəsi ilə bağlı fikirlərini bölüşdü.
   
   - Xəlil bəy, artıq dördüncü ildir ki, Azərbaycanda işləyirsiniz. Ölkəmizdə turizmin inkişafını necə qiymətləndirirsiniz?

   - Azərbaycanda turizm inkişaf edir. Bu danılmaz faktdır. Xüsusilə son illər bu sahədə böyük işlər görülür, Mədəniyyət və Turizm Nazirliyi də bu yöndə lazım olan bütün addımları atır. Bununla yanaşı, bir sıra məsələlər həllini tapmalıdır. Bunlardan birincisi hotellərin və turizm şirkətlərinin bir-biri ilə normal əməkdaşlığının təmin olunmasıdır. Hər kəs ayrı-ayrılıqda çalışmaq və yüksək nəticə əldə etmək istəyir. Əslində isə belə olmamalıdır. Turizm şirkətlərinin və hotellərin fəaliyyətini vahid mərkəzdən idarə edən ictimai qurum olmalıdır. Hazırda bu işi Azərbaycan Turizm Assosiasiyası (AZTA) yerinə yetirir. Burada hotellər və turizm şirkətləri bir araya gəlir. Amma bu da yeni qurumdur. Yəqin ki, müəyyən müddətdən sonra hotellər və turizm şirkətlərinin rəhbərləri Turizm Assosiasiyası ilə əməkdaşlığın effektini daha bariz hiss edəcəklər. Türkiyədə Səyahət Agentlikləri Birliyi (TURSAB) adlı qurum fəaliyyət göstərir. Buraya ölkənin bütün turizm şirkətləri daxildir. Azərbaycanda da turizm fəaliyyəti ilə məşğul olan bütün qurumlar AZTA-ya inanmalı və ona üzv olmalıdır. Məsələnin bir tərəfi də ondan ibarətdir ki, AZTA dövlət qurumları ilə yaxından əməkdaşlıq etməli və müəyyən səlahiyyətlərə malik olmalıdır. Sonra isə bu səlahiyyətlər daxilində öz üzvlərinə kömək etməlidir. Çünki AZTA-nın səlahiyyəti olmasa, öz üzvlərinin də problemlərini həll edə bilməz. Konkret olaraq bizim şirkət Mədəniyyət və Turizm Nazirliyi , həm də AZTA ilə yüksək səviyyədə əməkdaşlıq edir.
   - Turizm sahəsində inkişafı ləngidən amillər kimi nələri görürsünüz?
   - Qeyd etdiyim kimi, biz öncə hotellərlə turizm şirkətləri arasında normal qarşılıqlı münasibətlərə nail olmalıyıq. Turizm şirkəti xaricdən turistin ölkəyə gəlməsini, qarşılanmasını və yerləşdirilməsini təmin edir. Bu işin müqabilində isə hoteldən həmin şirkətə müəyyən faiz güzəşt edilməlidir. Əslində turizm şirkətinin əsas qazancı da elə budur. Sizə adi bir misal deyim. Bir dəfə xaricdən qonaqlarımız gəlmişdi. Bir hotellə onların yerləşdirilməsi ilə bağlı danışdıq, yerləri bronlaşdırdıq. Sonra elə olub ki, qonaqlarımız özləri də təsadüfən həmin hotelə gedərək otaq götürüblər. Maraqlananda məlum oldu ki, hotel turizm şirkəti olaraq bizə təklif etdiyi qiymətləri eynilə konkret müştəriyə də təklif edib. Halbuki hotellər turist şirkətlərinə daha güzəştli qiymətlər təqdim etməlidirlər ki, bu işdə qarşılıqlı maraq olsun. Əks halda, turizm şirkəti nəyə lazımdır? Deməli, bizdə hələ hotel-turizm şirkəti münasibətləri formalaşmayıb.
   İkincisi, turizm obyektlərində hazırda narahatlıq yaradan məqamlardan biri xidmətin səviyyəsidir. Bu sahədə təcrübəli işçilər azdır. Məlumdur ki, bu il Bakıda yeni beynəlxalq brendli hotellər istifadəyə veriləcək. Tutaq ki, onların bəzi rəhbər işçiləri xaricdən dəvət edildi. Axı hotelin bütün işçilərini xaricdən dəvət etmək mümkün deyil. Ofisiant, qeydiyyat, təsərrüfat şöbəsində çalışmaq üçün yerli təcrübəli əməkdaşlar lazımdır. Çünki qonağa yüksək səviyyəli xidmət göstərmək lazımdır ki, növbəti dəfə ölkəyə gələndə də həmin hoteli seçsin.
   - Bəs bu problemi necə həll etmək olar?
   - İlk növbədə hotellər öz əməkdaşlarına treninqlər təşkil etməlidir. Mən həmişə öz hotellərimdə işçilərə özüm treninq verirəm. İşçiləri 3-4 ay əvvəldən işə götürürəm, onları hazırlayıram, bundan sonra isə hotel fəaliyyətə başlayır. Bu halda hoteldə xidmətin səviyyəsindən danışmaq mümkündür. Bu təcrübə Türkiyədə geniş yayılıb. Eyni firmaya aid olan hotellər özləri turizm üzrə peşə liseyi yaradırlar. Həmin liseyin məzunlarını sonradan öz hotellərində işə götürürlər. Belə olduqda insanlar da ürəklə həmin liseyə oxumağa gəlirlər. Çünki bilirlər ki, oxuduqdan sonra işsiz qalmayacaqlar. Digər tərəfdən, lisey, məktəb aça bilməyən hotellər öz əməkdaşlarını pullu kurslara göndərirlər. Türkiyədə hətta aşpazlıq kursları da var. Bundan əlavə, hoteldə çalışmaq istəyən insanları turizm sahəsində təcrübəsi olan ölkələrin hotellərində bir neçə aylıq təcrübə keçməyə göndərirlər. Amma bu artıq dövlət hesabına olur.
   - Azərbaycanda da dövlət hotel sahəsində peşə hazırlığına diqqət verir. Azərbaycan Turizm İnstitutunun nəzdində peşə-hazırlıq kurslarının təşkili də buna nümunədir...
   - Bunu çox təqdir olunası hal kimi dəyərləndirirəm. Qəbələdə və İsmayıllıda belə kurslar artıq fəaliyyət göstərir. Bunlar Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işlərin nəticəsidir. Eyni zamanda biz özümüz də bu işlərdə dövlətə dəstək olmalıyıq. Məsələn, biz də ehtiyac olanda əməkdaşlarımızı xarici ölkələrdə təcrübə kursu keçməyə göndəririk. Yəni işimizin effektli alınması üçün lazım olan bütün addımları atırıq. Çalışırıq ki, qonaqlarımız heç bir halda bizdən narazı getməsin.
   - «Gilan Tourism»in əksər hotelləri regionlarda fəaliyyət göstərir. Hazırda Azərbaycan hotellərində qiymətlərin yüksək olması çox müzakirə edilir. Bu baxımdan siz qiymət siyasətini necə tənzimləyirsiniz?
   - Mövsümdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin qiymətlərin endirilməsi ilə bağlı tövsiyəsini nəzərə alıb, Qəbələdəki iki beşulduzlu hoteldə qiymətləri 15 faiz aşağı saldıq. Bundan əlavə, iyulun 1-dən yeni hazırladığımız paketi turistlərə təqdim edirik. Paketə “tam pansion”, səhər, günorta, axşam yeməyi və gecələmə daxildir. Bu paketin qiyməti bir nəfər üçün 85 manat müəyyənləşdirilib. Paketlər 4 günlük və 7 günlükdür. Bunu ona görə etmişik ki, hotellərimizə daha çox turist cəlb edək.
   - Bakıdakı hotellərinizlə rayondakı hotelləriniz arasında qiymət fərqi nə qədərdir?
   - Biznes hotellə resort, yəni istirahət hotellərinin təklif etdiyi xidmətlər müxtəlifdir. Ona görə də onların satış-bazarlama strategiyası da fərqli olmalıdır. Biznes hotelləri müştəriyə bir qiymət verir, ona müştəri gətirən turizm şirkətinə isə başqa qiymət. Turizm şirkətlərinə verilən qiymət təbii ki, güzəştli olur. İlk baxışdan bu fərq o qədər də hiss olunmur. Amma müəyyən məqamlarda onu görmək mümkündür. Məsələn, tutaq ki, hər hansı bir turizm şirkəti mənə zəng vurub dedi ki, 50 nəfərlik qrup üçün mənə qiymət söylə. O, məndən 50 nəfərlik otaqlar, 3-4 gün qalmaq, iclas keçirmək üçün konfrans zalı, iclas arasında kofe-breyk istəyirsə, təbii ki, mən ona endirimli qiymət təklif edəcəyəm. Əks halda, bir başqa hotel o endirimi edəcək. Bu baxımdan rəqabət hər bir zaman olmalıdır. Çünki rəqabət keyfiyyəti yüksəldir.
   - Azərbaycanda fəaliyyət göstərən hotellərdə yerli mütəxəssislərdən az istifadə edilməsi gündəmdə olan məsələlərdəndir. Tabeçiliyinizdə olan hotellərdə azərbaycanlı kadrlardan istifadə edirsinizmi?
   - Mənim bu məsələ ilə bağlı heç bir narahatlığım yoxdur. Mən Azərbaycana gələndə Qəbələdəki «Qafqaz Resort» hotelinin icraçı meneceri, bütün departament müdirləri Türkiyədən dəvət edilmişdi. Hotelin şef aşpazı da türkiyəli idi. Onun yanında bir azərbaycanlı köməkçisi vardı. Hazırda həmin hotelin şef aşpazı azərbaycanlıdır. Bundan əlavə, baş mühasib, texniki şöbənin müdiri, ön büro müdiri azərbaycanlı qardaşlarımızdır. Eləcə də «Qafqaz Riverside» hotelində İT meneceri, satış-bazarlama şöbəsinin müdiri də azərbaycanlıdır. Yəni kimdə bir balaca bacarıq varsa, onu irəli çəkirik. Bir neçə ilin içərisində hotel müdiri olmaq mümkün deyil. Mən 31 ildir turizm sahəsində çalışıram, amma cəmi 10 ildir baş müdir vəzifəsinə yüksələ bilmişəm. İnsanı idarə etmək çox çətin məsələdir. Xüsusilə hotel meneceri bacarıqlı və təcrübəli şəxs olmalıdır.
   - Bir neçə gün əvvəl ölkə başçısının iştirakı ilə «Kempinski»nin açılışı oldu. Bu hotel müştəriləri nə vaxtdan qəbul etməyə başlayacaq?
   - «Kempinski»nin 283 nömrəsi, 38 rezidensiyası var. Kompleks hotel üstəgəl rezidensiya kimi fəaliyyət göstərəcək. «Kempinski» Azərbaycanın ən böyük hotel kompleksi olacaq. Sentyabrın axırından tam fəaliyyətə başlayacaq. Bu hotel, bildiyiniz kimi, beynəlxalq şəbəkə hotellərinə aiddir. Ona görə də “Kempinski”ni Avropadan gələn mütəxəssislər idarə edəcəklər.
   - Və sonda. “Turizm ili”ndən nələr gözləyirsiniz?
   - “Turizm ili” ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif çoxsaylı tədbirlər keçirilir. Turizm sektorunun nümayəndələri də artıq bu sahəyə fərqli gözlə baxmağa başlayıblar. Turizmin perspektivli və maraqlı sahə olması fikri formalaşıb. Sizə bir faktı deyim. Qəbələdə ilk hotelimizi açanda işçi qəbul etməkdə çətinlik çəkirdik. İşçi axtaranda “mən ofisiant ola bilmərəm, başqalarına qulluq edə bilmərəm” deyirdilər. Amma indi hamı bu sahədə işləmək istəyir. Çünki turizm sahəsindəki gözəllikləri kəşf edirlər. İndi gələn qonaq da razıdır, işləyən də. Əsl məsələ də elə budur.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar