M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik Mirzə İbrahimov” biblioqrafiyasını nəşr etdirib.

Xalq yazıçısı, dramaturq və ictimai xadim Mirzə İbrahimov haqqında ilk biblioqrafiya anadan olmasının 55 illiyi əlaqədar 1966-cı ildə, ikinci biblioqrafiya isə anadan olmasının 100 illiyi ilə əlaqədar tərtib edilib.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilən “Akademik Mirzə İbrahimov” fundamental biblioqrafiyası görkəmli ədib və ictimai-siyasi xadimin anadan olmasının 110 illiyinə həsr edilib.

Kitabxanadan bildirilib ki, biblioqrafiyanın elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, ön söz müəllifi akademik, Əməkdar elm xadimi İsa Həbibbəylidir.

Biblioqrafiya 1930-2021-ci illərin materiallarını əhatə edir. Biblioqrafiyada Mirzə İbrahimovun kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunmuş əsərləri, yazıçının həyat və yaradıcılığını əks etdirən nəşrlər əksini tapıb. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə verilib.

Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, xronoloji çərçivə daxilində isə əlifba sırası gözlənilib. Biblioqrafiyada ilk dəfə “Mirzə İbrahimov dünya kitabxanalarında” və “Mirzə İbrahimov dünya universitet kitabxanalarında” bölmələri də verilib.

Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov görkəmli nasir və dramaturq olmaqla bərabər, həm də ictimai xadim, tanınmış tənqidçi və ədəbiyyatşünasdır. O, zəngin bədii yaradıcılığı ilə yanaşı, ana dilinin, milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə aparmış vətəndaş yazıçıdır.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər: http://anl.az/down/M.ibrahimov.pdf