2020-ci ilin Vətən müharibəsində rəşadət göstərən, torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə ağır yaralanan qəhrəman qazilərin bir qrupunun müalicəsi hazırda qardaş Türkiyədə davam etdirilir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və hərbi attaşe polkovnik Müşfiq Məmmədov “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyənin İstanbul, Bursa və Kocaeli şəhərlərində müalicə olunan Vətən müharibəsi qaziləri ilə görüşüblər.

Səfirlikdən verilən məlumata görə, 11-12 fevral tarixlərində tibb ocaqlarında müalicə alan 38 qaziyə baş çəkilib. Görüşlərdə xalqımızın qəhrəman övladlarının keçdikləri müzəffər döyüş yolu fəxarətlə xatırlanıb, Vətən müharibəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıq ifadə olunub.

Səfir və hərbi attaşe qazilərə şəfalar diləyib, onlara hədiyyələr təqdim ediblər. Xatirə şəkilləri çəkdirilib.

Göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edən qazilərimiz Vətənimizin bütövlüyü, torpaqlarımızın düşməndən azad edilməsi uğurunda gedən döyüşlərdə iştirak etməkdən qürur duyduqlarını bildiriblər.

Mehparə Sultanova
Ankara