Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İranda keçirilən 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak edir. Yaradıcı heyət müxtəlif ölkələrdən teatr kollektivlərinin qatıldığı ənənəvi festivala iki tamaşa aparıb.
Akademik Musiqili Teatr fevralın 11-də Tehran Şəhər teatr salonunda “Bir nəfəs qədər” tamaşasını nümayiş etdirib.
Tamaşadan əvvəl Azərbaycanın İrandakı səfiri Əli Əlizadə çıxış edərək qonaqları və teatrın kollektivini salamlayıb. Qeyd olunub ki, Azərbaycanın sənət adamlarının İrana qastrol səfərinə gəlməsi və “Fəcr” Beynəlxalq Teatr Festivalında çıxış etməsi xalqlarımızın mədəni əlaqələrinə töhfədir. Əli Əlizadə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsindən bəhs edib. Azərbaycan xalqının torpaqların azadlığı uğrunda minlərlə şəhid verdiyini bildirən səfir tamaşanın 44 günlük Vətən müharibəsinə və qəhrəman şəhidlərimizə ithaf olunduğunu vurğulayıb.
Diplomat tamaşanın İranda milli bayram – İslam inqilabının ildönümündə keçirilən ənənəvi “Fəcr” ongünlüyündə nümayiş etdirilməsinin də əlamətdar olduğunu qeyd edib və bayram münasibətilə İran dövlətini və xalqını təbrik edib.
Sonra “Bir nəfəs qədər” tamaşası təqdim olunub. Əsərin süjet xəttində Vətən müharibəsinin könüllü döyüşçülərindən olan Vətən adlı gəncin həyat hekayəsindən bəhs edilir.
Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Samir Qulamov, Səmədzadə Xasiyev, Əli Kərimov və Qabil Gözəlovun iştirak etdikləri tamaşa sürəkli alqışlarla qarşılanıb. Tamaşaçılar yaradıcı heyətlə xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar.
Fevralın 12-də festival çərçivəsində Akademik Musiqili Teatrın daha bir səhnə əsəri – rus yazıçısı Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşa nümayiş olunub. Tamaşada Əməkdar artist Şövqi Hüseynov (o həmçinin əsəri Azərbaycan dilinə tərcümə edib) çıxış edib.
Şövqi Hüseynovun özünəməxsus ifası izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, festivalda nümayiş olunan hər iki tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.