Ukraynanın Dnepr şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə”dən seçmələr kitabının və “Nizami Gəncəvini oxuyaq” bədii albomunun (ingilis dilində) təqdimat mərasimi keçirilib. “Xəmsə”dəki poemalardan nümunələrin toplandığı kitab Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən, bədii albom isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən hazırlanaraq nəşr edilib.

Azərbaycan səfirliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşkil etdiyi tədbir Dnepr Texniki Milli Universitetinin nəzdində yaradılan Ukrayna-Azərbaycan Mədəniyyət və iş mərkəzində gerçəkləşib. Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, DVAK-ın sədri Nəcəf Əhmədov, diaspor üzvləri, şəhər ziyalıları iştirak ediblər.

Təqdimatdan əvvəl universitetin rektoru Oleksandr Azyukovski ilə görüş keçirilib. Görüşdə bu cür mədəni tədbirlərin xalqlar arasında əlaqələrə töhfə olduğu vurğulanıb.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Nizami Gəncəvinin yaradıcılığı bütün dünya üçün tükənməz ədəbi xəzinədir. Bu mədəni xəzinə dünyada daim təbliğ edilməlidir. Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə TÜRKSOY tərəfindən böyük dəstək verildiyini və bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamını xatırladan səfir Elmira Axundova vurğulayıb ki, TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib. Səfirliyin “Nizami Gəncəvi İli” çərçivəsində gördüyü işlərdən danışan Elmira Axundova deyib ki, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb. Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyevdə, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın dahi şairinin heykəl kompozisiyası ucaldılacaq. “Nizami Gəncəvi bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir”, – deyə səfir əlavə edib.

DVAK-ın sədri Nəcəf Əhmədov çıxışında diqqətə çatdırıb ki, belə tədbirlərin ölkənin iri şəhərlərindən olan Dneprdə keçirilməsi onlar üçün xüsusi əhəmiyyət daşıyır. O, bu cür tədbirlərin davamlı olacağını bildirib.

Tədbir zamanı tanınmış azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Katib Məmmədova və Ukrayna Prezidenti tərəfindən mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ölkənin ən yüksək təltifinə – Taras Şevçenko adına Milli mükafata layiq görülmüş azərbaycanlı yazıçı Qriqori Hüseynova TÜRKSOY-un “Nizami Gəncəvi” medalı təqdim olunub.

Sonra universitetin rektoru Aleksandr Azyukovski səfir Elmira Axundova, Düsen Kaseinov və Nəcəf Əhmədovu təşəkkürnamə ilə təltif edib.
Nizami Gəncəvi yaradıcılığı ilə bağlı esse müsabiqəsinin qalibləri Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresi tərəfindən mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.