Ölkəmizdə turizm və xidmət sektoru inkişaf etdikcə müxtəlif ulduz dərəcəli hotellərin sayı da artır. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun dediyinə görə, hazırda ümumilikdə ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını ulduz kateqoriyası alıb.
Azərbaycan ərazisində fəaliyyət göstərən hotellərin 15-i "beşulduz"ludur. Onların 13-ü Bakıdadır. Respublikada 37 "dördulduz"lu hotel fəaliyyət göstərir ki, onun 21-i Bakıda, qalanları isə regionlarda yerləşir. "Üçulduz"lu 21 hoteldən 13-ü Bakıdadır. Ölkə üzrə ümumilikdə "ikiulduz"lu 3 hotel fəaliyyət göstərir ki, onun da 1-i paytaxtdadır.
Sektor müdirinin sözlərinə görə, ölkə ərazisindəki 499 mehmanxana və mehmanxana tipli obyektin 312-si Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir, qalanları isə lisenziya almayıb. “Lisenziyasız fəaliyyət göstərən mehmanxanalar əsasən bölgələrdədir”.
Nazirlik rəsmisinin bildirdiyinə görə, xidmət səviyyəsi aşağı olan mehmanxana obyektləri yalnız minimal tələblərə cavab verdikdən sonra onların lisenziyalaşdırma məsələsinə baxılır. Mədəniyyət və Turizm Nazirliyi aşağı səviyyəli mehmanxana obyektlərinin lisenziyalaşdırılmaya cəlb edilməsinin ümumiyyətlə əleyhinədir: «Söhbət vaqon tipli, minimal şəraiti olmayan obyektlərdən gedir. Belə obyektlərin yerləşdirmə obyektləri kimi tanınması düzgün deyil. Onların şəraitləri nə vaxt yaxşılaşsa və minimal tələblərə cavab versə, onda lisenziya məsələsinə baxıla bilər”.
Nazirlik rəsmisinin fikrincə, çox aşağı xidmət səviyyəli obyektlər rəqabətə dözə bilməyərək özləri tədricən fəaliyyətlərini dayandırmalı olurlar.
Fəxriyyə Abdullayeva