Fevralın 14-də Azərbaycan Televiziyasının 66 yaşı tamam olur. Bu illər ərzində milli televiziya zəngin inkişaf yolu keçib.
“Diqqət, diqqət! Göstərir Bakı” – 1956-cı il fevralın 14-də Azərbaycanın ilk telekanalı – Bakı Televiziya Studiyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın mədəni həyatına böyük yenilik gətirib.
Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçib.
1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır. Ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib. 3 peyklə dünyaya yayımlanan Azərbaycan Televiziyasının fəaliyyəti ən son texniki standartlara tam uyğunlaşıb.
Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, analitik proqramlar, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir.
2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə oldu.
2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəldi. “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.
Azərbaycan Televiziyası və Radiosunun nəzdində, həmçinin ölkənin tanınmış musiqi kollektivləri fəaliyyət göstərir.