Müasir Azərbaycan mediasının tanınmış simalarından olan Əməkdar jurnalist, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü, yazıçı-publisist Vasif Səmədov aprelin 29-da 74 yaşında dünyasını dəyişib.
Mətbuat Şurası tanınmış jurnalistin vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda bildirilir ki, Vasif Həzərxan oğlu Səmədov 1950-ci il yanvarın 22-də Masallıda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Zəngin peşə fəaliyyəti müddətində “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetlərində, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində (indiki “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC), həmçinin keçmiş SSRİ-nin “İzvestiya”, “Oqonyok”, “Literaturnaya qazeta” kimi tanınmış media orqanlarında çalışıb, “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi Asiya və Qərbi Asiya ölkələri üzrə müxbir bürosunun müdiri, “Kaspian-İzvestiya” beynəlxalq informasiya agentliyinin təsisçisi və direktoru olub.
V.Səmədov jurnalistikada həm peşəkarlıq, həm də vətənpərvərlik örnəyi kimi yadda qalacaq qələm sahibidir. Azərbaycan xalqının mənəvi dəyərlərini, mental xüsusiyyətlərini ifadə edən yazıları elmi-fəlsəfi təhlil dərinliyi ilə seçilib. Müxtəlif səpkili məqalələri üçün Qarabağ problemi aparıcı mövzu olub. O, həmçinin “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi kimi dəyərli nəşrin həmmüəllifidir.
Yüksək peşəkarlığı, nəcib keyfiyyətləri, səmimiyyəti və qayğıkeşliyi ilə tanınan V.Səmədovun vəfatı Azərbaycan jurnalistikası üçün itkidir.
Mətbuat Şurası mərhumun doğmalarına, yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.