Ötən əsrin Stalin repressiyası dövründə onlarla, yaradıcı insan həbs olunub, min bir əzaba, işgəncəyə məruz qalıb. Həyat eşqləri söndürülüb. Azərbaycan Yazıçılar Birliyinin sədri olmuş Seyfulla Şamilov belə insanlardandır. Dekabrın 25-i onun xatirə günüdür.
      
   Seyfulla Əli oğlu Şamilov 1902-ci ilin oktyabrın 10-da Qazax qəzasının Tatlı kəndində anadan olub. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra komsomol sıralarına qəbul olur. Sonra Bakıda Partiya Məktəbində təhsil alır.
   Gənclik illərindən ədəbiyyata meyl göstərir. Bakıda təhsil aldığı illərdə “Azərbaycan füqərası“, “Kommunist“ qəzetlərində, “Maarif işçisi”, “Yeni məktəb“, “İnqilab və mədəniyyət“ jurnallarında hekayə, oçerk və məqalələrlə çıxış edir. Qələmə aldığı yazılarda ölkəmizdə baş verən mədəni inqilab tərənnüm olunur. Yazılarında sovet quruculuğunu təbliğ və tərənnüm edir. Sonra bir müddət Xalq Maarif Komissarlığında, eləcə də Gəncə şəhər maarif şöbəsində çalışır. 1931-1933-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kafedra müdiri olur.
   Eyni zamanda "Kommunist" qəzetində redaktor müavini, "Gənc işçi"də məsul redaktor işləyir. 1932-ci ildə hekayə və oçerklərdən ibarət "Laçın" adlı kitabı çap olur. Pedaqoq, nasir və bir mətbuat işçisi kimi xalqına hansı yollasa bir xeyir vermək arzusu ilə çalışır. O, xalqının vətənpərvər övladı idi. Kommunist Partiyasına da ürəkdən inanıb üzv olmuşdu.
   1936-cı ildə Seyfulla Samilov Azərbaycan Yazıçılar Birliyinin sədri seçilir. Həmin dövrdə tüğyan edən repressiya dalğası ondan da yan keçmir. Ona qarşı sovet dövlətinə qarşı fəaliyyət göstərməsi, “xalq düşmənləri”nə meydan verməsi ilə bağlı ittihamlar irəli sürülür. "Ədəbiyyat qəzeti"ndə Seyfulla Şamilov haqsız tənqid atəşinə tutulur. 1938-ci ilin fevralında Seyfulla Şamilov Azərbaycan KP Mərkəzi Komitəsinə çağırılır və oradaca həbs edilir.
   Ədib 16 ay təkadamlıq kamerada əzablı günlər yaşayır. Bütün əzablara təmkinlə sinə gərir. Sonra sürgünə göndərilir. 18 illik ağır sürgünlük həyatı yaşayır.
   O, 1955-ci ildə bəraət alır.
   "Uşaqgəncnəşr"də baş redaktor kimi işə düzəlir. Əlinə qələm alıb əzmkarlıq göstərir. Neçə-neçə kitabı işıq üzü görür. Fəaliyyətinə görə fəxri fərmanla, orden və medallarla təltif edilir. O, hər şeyə yenidən başlasa da, qəlb ağrıları və bir də gözlərinin dərinliyindəki nisgillər çəkilmir...
   Yazıçı Süleyman Vəliyev 1972-ci ildə onun haqqında “Qocaman yazıçı, müəllim“ adlı xatirə məqaləsi yazıb: "Seyfulla Şamilov ədəbiyyat vurğunu idi. Onun hekayələrinin qəhrəmanları azadlıq sevən, vətənpərvər, mübariz insanlar olurdu. Mövhumatı, nadanlığı ifşa edən hekayələri yaradıcılığında geniş yer tuturdu. Gözəl hekayələr ustası olan S.Şamilov bədii tərcümə ilə də müntəzəm məşğul olmuşdu". Həqiqətən də S. Şamilov bədii tərcümə sahəsində də qələmini sınayıb. O, Hötenin "Gənc Verterin iztirabları" və digər əsərlərini Azərbaycan dilinə tərcümə edib.
   Seyfulla Şamilov 1974-cü il dekabrın 25-də dünyasını dəyişib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar