Pandemiyalı maska rejimində maskalı karnaval

 

Maskalı karnaval olaraq da bilinən Venesiya karnavalının ikiillik fasilədən sonra, özü də pandemiyalı maska rejimində keçirilməsi xüsusi maraq doğurur.

Yəni karnaval qəhrəmanları öz tarixi maskalarında, kütləvi tamaşaçı-izləyicilər də tibbi maskalarda.

Yerli mətbuata görə, builki karnavalda iştirak etmək üçün 50 minədək insan Venesiya şəhərinə gəlib.

Qeyd edək ki, Venesiya karnavalı 2020-ci və 2021-ci illərdə koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.

Martın 1-dək davam edəcək gülüş və tamaşa ilə bol olan bayram əhval-ruhiyyəli karnavalın əsas atributu, təbii ki, maskalardır. Karnaval üçün libaslar isə adətən bir il öncədən sifariş olunur.

1268-ci ildən bəri qeyd olunan Venesiya karnavalı müəyyən vaxtlarda qadağan olunsa da, 1979-cu ildən bəri hər il keçirilir. Əvvəllər sosial sinfi ayrı-seçkiliyi aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya karnavalının ayrılmaz tərkib hissəsinə çevrilib. Karnavalın keçirildiyi vaxt turistlərin Venesiyanı ən çox ziyarət etdiyi dövrdür.