Zamanın səhifələrində qalan olaylar, faktlar...
159 il əvvəl...
17 fevral 1863-cü ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib. Hazırda dünyanın bütün “qaynar” nöqtələrində humanitar fəaliyyət göstərən təşkilatın təşəbbüskarı və ilk rəhbəri isveçrəli iş adamı, ictimai xadim Anri Dünan (Jean Henri Dunant) olub.
106 il əvvəl...
16 fevral 1916-cı ildə I Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində hücumu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum bölgəsini işğal ediblər. Rusiya bunadək Türkiyənin 1877-1878-ci illər müharibəsində itirdiyi Qars və Ərdəhan bölgələrinə də nəzarət edirdi. Ərzurumun işğalı ilə bölgədəki erməni qüvvələrinin türk əhalisinə qarşı hücumları da genişlənib. Türkiyə 1918-ci ildə hər üç bölgəni Rusiyadan geri ala bildi.
89 il əvvəl...
16 fevral 1933-cü ildə Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya “Kiçik Antanta” adlı ittifaq yaradıblar. Lakin bu ittifaq onları 1939-cu ildə faşist Almaniyasının işğalından xilas edə bilmədi.
75 il əvvəl...
17 fevral 1947-ci ildə “Amerikanın səsi” radiosunun dalğaları keçmiş SSRİ məkanına yayılmağa başlayıb. 40 ildən artıq müddətdə radiostansiya sovet dövləti əleyhinə təbliğat savaşının ruporu olub.
70 il əvvəl...
18 fevral 1952-ci ildə Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunub. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.
57 il əvvəl...
18 fevral 1965-ci ildə Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib.
43 il əvvəl...
17 fevral 1979-cu ildə Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq onun bir hissəsini işğal edib. Beynəlxalq ictimaiyyətin kəskin etirazını doğuran işğal martın 5-dək davam etdi.
30 il əvvəl...
16 fevral 1992-ci ildə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO – Economic Cooperation Organization) üzv olub. Təşkilatın Tehranda keçirilən toplantısında keçmiş SSRİ-nin daha beş müsəlman respublikası – Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan da üzvlüyə qəbul edilib. ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda Əfqanıstan da daxil olmaqla 10 ölkəni birləşdirir.
17 fevral 1992-ci ildə erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağın bölgəsinin Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə ermənilərin hücumlarına məruz qalmışdı. İşğal zamanı kənddə olan 118 nəfər əsir götürülmüş, onların 68 nəfəri daha sonra öldürülmüşdü.
13 il əvvəl...
18 fevral 2009-cu ildə Bakıda “İslam Mədəniyyətinin Paytaxtı 2009” ilinin açılış mərasimi keçirilib. Bakı şəhəri İslam ölkələri elm, təhsil və mədəniyyət təşkilatı – İCESCO-nun 2007-ci ildə qəbul etdiyi qərarla “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmuşdu.
Hazırladı: V.Orxan