Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidələrlə bağlı fəaliyyətinin, planlaşdırma və koordinasiyanın təmin edilməsi üçün yeni Dövlət Proqramının hazırlanması təklif olunur.

Bu məsələ Hesablama Palatasının “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik (performans) auditinin nəticələrinə dair hesabatında qeyd olunub.

Auditor hesabatında abidələrin bərpası, konservasiyası və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, aparılması və müvafiq fəaliyyətlərin koordinasiya məsələlərini, müddətləri və məqsədləri əhatə edən gələcək dövr üçün yeni Dövlət Proqramının layihəsinin hazırlanması tövsiyə olunur.

Eyni zamanda müvafiq qaydada inventarizasiya aparılmaqla mövcud olmayan, eləcə də təkrarən reyestrə salınmış abidələrin siyahıdan çıxarılması, yeni aşkar olunmuş, eləcə də dövlət mühafizəsinə götürülməmiş aşkar şəkildə abidə əlamətli tikililərin siyahıya daxil edilməsi, abidələrin ünvanlarının dəqiqləşdirilməsi ilə siyahının yenilənməsi təklif olunur.

Auditor hesabatında abidələr üzrə məsuliyyətlərin daha dərindən qavranılması üçün abidələrin balans mənsubiyyətinin dəqiqləşdirilməsi də tövsiyə edilib.

Həmçinin fiziki və hüquqi şəxsləri abidələrə müdaxilədən çəkindirmə amillərinin gücləndirilməsi ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik edilməsi təklif olunur. Məcəllələrdə abidələrin bərpası və konservasiyası üzrə vahid siyasətin yeridilməsi məqsədilə qanun pozuntularının abidəyə ziyanvurma dərəcəsinə, belə pozuntuya birinci dəfə və ya təkrar yol verilməsinə uyğun təsnifatlaşdırılması, məsuliyyət müddətinin artırılması və cəza tədbirlərinin sərtləşdirilməsi təklif edilir.