Turist gəldiyi yer haqqında ölkəyə daxil olan andan məlumat əldə etmək istəyir. Qrup şəklində gələn turistlər üçün bu məlumatı əldə etmək o qədər də çətin olmur. Çünki onları əvvəlcədən danışılmış bələdçi qarşılayır, hotelə yerləşdirir. Qaldığı hoteldə isə istədiyi zəruri məlumatı ala bilir. Amma fərdi şəkildə gələn turistlər üçün ölkə haqqında məlumat əldə etmək bir qədər çətindir. Bu zaman onun köməyinə turist xəritəsi gələ bilər. Turist xəritəsi nədir və ondan hansı məlumatları əldə etmək olar?
Turist xəritələri vaxtaşırı yenilənməlidir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Turizm və Ekskursiyalar Şurası sədrinin müavini Sabir Rəhimovun dediyinə görə, turist xəritəsi ölkənin tarixi və mədəni abidələrini, eyni zamanda turizm obyektlərini əks etdirməlidir: “Bu xəritədən turist bir növ yol göstəricisi kimi istifadə edə bilər. Orada hər bir məlumat qısa, konkret və aydın qeyd olunmalıdır”.
Mütəxəssis bildirir ki, turist xəritəsi müvafiq dövlətin nəzarəti altında çap olunmalı və orada hansı bina, obyekt və s. əks olunması müvafiq dövlət qurumu, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyənləşməlidir: “Turist xəritəsi aeroportda müxtəlif yerlərdə, o cümlədən Bakı Turizm İnformasiya Mərkəzinin buradakı filiallarında turistlərə təqdim edilməlidir. Vaxtaşırı olaraq bu xəritə yenilənməli, yeni istifadəyə verilən turizm obyektləri, marşrutlar buraya daxil edilməlidir».
Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncovun sözlərinə görə, təmsil etdiyi qurum tərəfindən Bakıya aid turist xəritəsi buraxılıb. Burada əsasən Bakı şəhərini 3 marşrut üzrə gəzmək üçün istiqamətlər göstərilib: «Regionlar hələlik bu xəritəyə daxil deyil. Biz Mədəniyyət və Turizm Nazirliyi ilə belə xəritələrin hazırlanmasında birgə işləyə bilərik. Bu xəritələrin turizm işində əhəmiyyəti böyükdür. Hər bir turist ölkəyə gələndə harada dincəlmək, turizm xidmətlərinin təklif olunması və s. barədə məlumat almaq istəyir. Eyni zamanda nəzərə almaq lazımdır ki, turizm inkişafda olan sahədir, infrastruktur dəyişir, yeni istirahət mərkəzləri, turizm marşrutları yaranır. Bu baxımdan ölkənin turist xəritəsinə də vaxtaşırı olaraq dəyişikliklər etmək lazım gəlir».
V.Qılıncov bildirdi ki, bir müddət əvvəl BTİM-in layihələrindən biri kimi «Bakı şəhərinin qonaq kartı» nəşr edilib: «Bakı Turizm İnformasiya Mərkəzi ilə müqaviləsi olan mehmanxana və restoranlara həmin kartlar təqdim edilir. Bu razılaşmalara əsasən, şəhərimizə gələn qonaq «Bakı şəhərinin qonaq kartı»nı əldə edərək mehmanxana və restoranlar, avtomobil icarəsi şirkətləri və s. xidmətindən güzəştlə istifadə edə bilər. Bu kartla bağlı məlumatlar BTİM-in saytında yer alıb. Onu da qeyd edim ki, Bakı MDB ölkələri arasında Minskdən sonra bu kartı buraxan ikinci şəhərdir».
B.Qılıncov bildirdi ki, BTİM tərəfindən hazırda «Turist marşrutları» adlı çap materialı hazırlanır. Bu nəşr Azərbaycanda mövcud olan turist marşrutlarını əhatə edəcək. Yaxın aylarda həmin nəşrin işıq üzü görəcəyi nəzərdə tutulur.
“Eurovision” müsabiqəsi öncəsi Bakının yeni turist atlası hazırlanır
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini - Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, hələ bir neçə il əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycanın turist xəritəsi hazırlanıb. Xəritəni Mədəniyyət və Turizm Nazirliyi müxtəlif tədbirlərdə, sərgilərdə təqdim edir, iştirakçılara paylayır. Xəritədə Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər, onlara necə getmək, hansı marşrutdan istifadə etmək barədə məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, ötən il Bakı Kartoqrafiya Fabriki tərəfindən Bakının turist xəritəsi də hazırlanıb. Xəritədə 2010-cu ilə qədər olan bütün məlumatlar əks olunub, əlavə bilgilər, məsələn, İçərişəhərin bütün memarlıq abidələri barədə qısa məlumat, İçərişəhərin planı və s. yer alıb.
Gələn il Azərbaycanda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinə tamaşa etməyə gələcək qonaqlar üçün isə paytaxtın yeni atlası da hazırlanır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bildiriblər ki, belə bir atlasın hazırlanmasında məqsəd müsabiqəni izləməyə gələn xarici vətəndaşların Bakıda sərbəst hərəkət etmələrinə şərait yaratmaqdır. Atlasda Bakı şəhərinin bütün əraziləri haqda geniş məlumat veriləcək. Paytaxtdakı mədəni-tarixi abidələr, görməli ərazilər, parklar və digər yerlər dəqiqliklə göstəriləcək.
Fəxriyyə Abdullayeva