Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirov haqqında “Wikipediya” elektron ensiklopediyasında özbək dilində bölmə hazırlanaraq istifadəyə verilib.
Bölmədə Fikrət Əmirovun həyat və yaradıcılığı, operaları, baletləri, simfonik muğamları, vokal əsərləri, teatr tamaşalarına və filmlərə yazdığı musiqilər haqqında məlumatlar diqqətə çatdırılır.
Qeyd olunur ki, əslən şuşalı olan Fikrət Əmirov Azərbaycanın qədim və zəngin mədəniyyətə malik Gəncə şəhərində anadan olub. Onun bəstəkarlıq sənətinə yiyələnməsində müasir Azərbaycan musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəylinin xüsusi rolu olub.
Bölmədə Fikrət Əmirov adının Azərbaycanda əbədiləşdirilməsi haqqında məlumatlar da verilir. Qeyd olunur ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Gəncə Dövlət Filarmoniyası, Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi məktəbləri görkəmli musiqi xadiminin adını daşıyır. 2012-ci ildə Bakıdakı Fikrət Əmirov küçəsində bəstəkarın abidəsinin açılışı olub.
“Wikipediya” elektron ensiklopediyasında Fikrət Əmirov haqqında özbək dilində bölmənin linki: https://uz.wikipedia.org/wiki/Fikret_Amirov