Muzeylərin inkişafı və muzey idarəçiliyi ilə bağlı ustad dərsi

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) üzvü olduğu Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) icraçı direktoru və idarə heyətinin üzvləri Azərbaycana gəlib.

“İçərişəhər” DTMQİ-nin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində fevralın 14-də muzey əməkdaşları üçün muzey işinin təşkili və idarə olunmasına dair ustad dərsi təşkil edilib.

“İçərişəhər” Muzey Mərkəzinin və Bakı şəhərində fəaliyyət göstərən 10-a yaxın muzeyin əməkdaşlarının qatıldığı tədbirdə muzeylərin davamlı inkişafı, ictimaiyyətlə iş, ziyarətçilərin cəb edilməsi, muzey idarəçiliyi, Azərbaycan muzeylərinin kolleksiyalarında zəngin irslə bağlı aktual mövzular müzakirə olunub. Ustad dərsində NEMO-nun Avropanın 6 ölkəsinin (Almaniya, Norveç, Sloveniya, Estoniya, Niderland, Belçika) muzey assosiasiyalarının rəhbərlərindən ibarət olan idarə heyəti tərəfindən mövzular üzrə təqdimatlar edilib.

“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və NEMO-nun icraçı direktoru Julia Pagel çıxış edərək tədbirin Azərbaycan və Avropa muzeyləri arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğunu vurğulayıblar.

Tədbirdə Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva da çıxış edib.

Fevralın 15-də “İçərişəhər” DTMQİ-nin ev sahibliyi etdiyi NEMO İdarə Heyətinin iclası keçirilib.