Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova Fransanın “İncəsənət və Ədəbiyyat” ordeninin kavaler rütbəsi ilə təltif olunub. Bu münasibətlə Fransanın Azərbaycandakı səfirinin iqamətgahında tədbir keçirilib.

Tədbirdə çıxış edən səfir Zakari Qross Şirin Məlikovanın Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Qeyd edib ki, Şirin Məlikova bir çox sərgilərin kuratoru, kitab və elmi məqalələrin müəllifi, Şərq xalçaçılıq sənəti üzrə mütəxəssisdir. Bu yaxınlarda Fransa səfirliyi ilə əməkdaşlıq çərçivəsində sərginin keçirilməsində də iştirak edib. “Mədəniyyət əlaqələrinə verdiyiniz töhfələrə görə sizə minnətdarlığımızı bildirirəm” deyən səfir ordeni Şirin Məlikovaya təqdim edib.

Şirin Məlikova çıxışında səfirə minnətdarlığını bildirib: “İncəsənət və Ədəbiyyat” ordeninin kavaler rütbəsini mənə təqdim etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Bu gün Azərbaycan-Fransa əlaqələri yüksək səviyyədə inkişaf edir. Bu işdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mühüm rolu var. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif şəhərlərində mədəniyyətə həsr olunmuş tədbirlər keçirilir və bu artıq bir ənənəyə çevrilib. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr muzeyində İslam incəsənətinə məxsus zəngin kolleksiyanın təqdim olunduğu yeni zallar açılıb. Burada Azərbaycana aid nadir mədəni irs nümunələri, o cümlədən xalçalarımız da sərgilənir. Fransanın Azərbaycandakı Səfirliyi bizi Fransa mədəniyyəti ilə tanış edir, tez-tez müxtəlif tədbirlər təşkil olunur. Onu da qeyd edim ki, fransızlar bizim xalçalarımızı çox bəyənir. Xalçalarımız Fransa muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Biz bundan sonra da mədəni əlaqələri inkişaf etdirəcəyik”.