Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır.

Prezident İlham Əliyev bu sözləri fevralın 13-də Ağdam Cümə məscidində bərpa-restavrasiya işləri ilə tanış olduqdan sonra çıxışı zamanı söyləyib.

İşğaldan azad olunan ərazilərdə Heydər Əliyev Fondunun layihələrinin koordinatoru Sabiq Abdullayev dövlətimizin başçısına və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.

Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Heydər Əliyev Fondu tərəfindən məscidin bərpa-restavrasiya layihəsinə ötən il başlanılıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb.

Bildirilib ki, bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək. İlk mərhələdə örtük və sement birləşmələri tamamilə çıxarılacaq. Tikilidəki kərpiclərin zədələnməməsi və kompozitin divardan qopmaması üçün işlər əl ilə aparılacaq. Bərpa prosesinin ikinci mərhələsində fasadlar biogen böyümədən təmizlənəcək, zədələnmiş və ya qırılmış kərpiclər bərpa ediləcək, karxana daşı hörgüsü əhəng əsaslı birləşmiş məhlul ilə yenidən işarələnəcək.

Məscidin bişmiş kərpicdən hörülmüş iki minarəsinə spiralvarı pilləkənlə qalxmaq mümkündür. Birinci mərhələdə qırıq birləşmələr, kafel başları və mövcud rəng nümunələri çıxarılacaq, ikinci mərhələdə minarələrin kərpic hörgülərinin biogen artımının qarşısı alınacaq, üçüncü mərhələdə isə kərpic başları bərpa olunacaq. Daha sonra rəng nümunələri və yazı zolaqları tarixi xüsusiyyətlərə uyğun olaraq mineral rəngli materialla bərpa ediləcək.

Namaz zalında birinci mərhələdə əsas kərpicdən başqa bütün gips çıxarılacaq və sonrakı iş mərhələləri üçün hazırlanacaq. Bütün otaqlarda əhəng əsasında yeni, üçqatlı suvaq sistemi tətbiq ediləcək, son qatda ilk versiyaya (ağ rəngli) uyğun mineral boya tətbiq olunacaq.

Görülən işlərlə tanış olan Prezident İlham Əliyev Ağdam rayonunda və ümumilikdə işğaldan azad olunmuş ərazilərdə başlanan bərpa və quruculuq prosesinin bu il daha vüsətlə davam etdiriləcəyini deyib: “Kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır, bir neçə təməlqoyma mərasimi keçirilmişdir. Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq”.

Prezident Ağdam şəhərində sənaye parkında yeni müəssisələrin təməlinin qoyulmasının əlamətdar hadisə olduğunu deyib: “Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq beş rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq...”.

 

İş adamlarına çağırış: azad edilmiş ərazilərə sərmayə qoyun!...

 

Dövlət başçısı iş adamlarına da çağırış edib: “Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir... Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdırlar”.

Prezident diqqətə çatdırıb ki, Ağdamda iki yarımstansiyanın açılışı ilə azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Bundan əlavə, təməli qoyulan mehmanxana təqribən iki ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara indi şərait yaradılır: “Əlbəttə ki, bu gün qeyd etdiyimiz hadisələrdən biri də yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma – iki ilə inşa ediləcək, bəlkə də ondan da tez və beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq. Bu gün, eyni zamanda, Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulur. Əlbəttə ki, 210 çarpayılıq xəstəxana ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq.

Keçən dəfə Ağdamda olarkən mən burada 1 nömrəli məktəbin təməlini qoydum. O məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Yəni, bir daha demək istəyirəm, kompleks tədbirlər görülür – elektrik enerjisi ilə təchizat, Ağdama qaz xətlərinin çəkilişi layihəsi indi işlənilir, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi builki İnvestisiya Proqramında vardır, yaşayış binaları, mehmanxana, iş yerləri. Yəni, bu, hərtərəfli inkişaf deməkdir. Elə bu gün açılışında və təməlqoyma mərasimində iştirak etdiyim obyektlərdə biz bu genişmiqyaslı işləri görə bilərik.

Bununla yanaşı, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmiryolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq. Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.

Dövlət başçısı daha sonra deyib: “Bu işlər bir daha onu göstərir ki, biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq”.

 

Tarixi, dini abidələrimizi də bərpa edirik

 

Prezident vurğulayıb ki, qarşımızda böyük işlər var. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün düşünülmüş addımlar planı olmalıdır: “Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir...”.

İşğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərində mədəni irsə xüsusi diqqət ayrıldığını vurğulayan İlham Əliyev deyib: “Görülmüş bütün bu işlərlə yanaşı, əlbəttə ki, biz tarixi, dini abidələrimizi də bərpa edirik. Mənə bu gün verilən məlumata görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır”.

Prezident qeyd edib ki, bu işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir: “Mən müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər”.

Ağdama və Şuşaya avtobus marşrutlarının da təşkil edildiyini deyən İlham Əliyev bildirib ki, ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar buraya gələrək otuz ilə yaxın davam etmiş bu barbarlığı, bizim hansı bəla ilə üz-üzə olduğumuzu görürlər və bu tarixi heç vaxt unutmamalıyıq: “Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”

***

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər zamanı “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər.

Prezident Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Hotel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.

“PMD Projects” MMC-nin rəhbəri Nəriman Topçibaşev layihələr barədə məlumat verib. Bildirib ki, 2,16 hektar ərazidə inşa ediləcək mehmanxana 110 nömrədən ibarət olacaq. Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu,  istirahət zonaları yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin sonunda başa çatdırılması nəzərdə tutulub. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında yekunlaşması planlaşdırılır.

Dövlətimizin başçısı və birinci xanım Qarabağ xanlarının Ağdamdakı türbələri və yaşayış evi – İmarət kompleksinə də baş çəkiblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.

Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin – Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, onun qızı, şairə, “Məclisi-üns”ün iştirakçılarından olmuş Xanbikə xanımın, şair Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin qəbirləri burada yerləşir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xanı nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.