Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 15-də “Dubay Ekspo 2020” sərgisində Türkiyə milli gününün açılış mərasiminə qatılıb. Ərdoğan sərgidəki Azərbaycan pavilyonunu da ziyarət edib.

“Dubay Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyənin dövlət başçısına pavilyonda qurulan ekspozisiya haqqında məlumat verib.

Türkiyə Prezidenti Azərbaycan incəsənət ustalarının ifasını da dinləyib, xatirə şəkli çəkdirib.

Xatırladaq ki, 2020-ci ildə açılması nəzərdə tutulan, lakin pandemiya səbəbindən ertələnən “Dubay Ekspo” ötən il oktyabrın 1-dən fəaliyyətə başlayıb. 190 ölkənin təmsil olunduğu sərgi 2022-ci il martın 31-nə qədər davam edəcək.

Ölkəmiz sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir. Pavilyonda ölkəmizin aparıcı muzeylərinin fondlarından eksponatlar da nümayiş olunur, mütəmadi olaraq müxtəlif mədəni proqramlar təşkil edilir.