Malayziyalı uşaqlar üçün layihə

 

Azərbaycanın Malayziyadakı Səfirliyi uşaqlar üçün maraqlı aksiya təşkil edib. Kuala Lumpur şəhərindəki “Taman Melavati 2” ibtidai məktəbinin bir qrup şagirdi səfirlik tərəfindən nəşr edilmiş “Azərbaycanı boyalarla öyrənək!” adlı boyama kitabında öz bacarıqlarını sınayıblar.

Səfirliyin qonağı olan məktəblilər kitabda verilmiş Azərbaycanın milli mədəni irsini əks etdirən nümunələri öz təxəyyüllərinin gücü ilə təsəvvür edərək rəngləyiblər. Xüsusi qabiliyyətləri ilə seçilən şagirdlər həvəsləndirici mükafatlara layiq görülüblər.

Səfirliyin üçüncü katibi Səbinə Yolçuyeva məktəbliləri səfirliyin inzibati binası və burada nümayiş olunan Azərbaycan mədəniyyətinə məxsus eksponatlarla tanış edib.

Qeyd edək ki, ötən ilin dekabrında Malayziyadakı səfirliyimizin təşəbbüsü ilə uşaqlar üçün “Coloring and Exploring Azerbaijan” (“Azərbaycanı boyalarla öyrənək”) adlı boyama kitabı nəşr olunub. Vəsaitdə Azərbaycanın tarixi-mədəni irsinə aid təsviri nümunələr yer alıb.

Uşaqlar kitab vasitəsilə Azərbaycanın Şuşa qalası və Qız qalası kimi tarixi abidələri ilə tanış olmaqla yanaşı, müasir memarlıq nümunələri, musiqi alətləri (tar, kamança, qaval), xarıbülbül çiçəyi, Qarabağ atı, Novruz bayramı, nağıl qəhrəmanlarından Göyçək Fatma və Cırtdan, eləcə də milli-tarixi geyimlərimiz kimi tematik təsvirləri rəngləyərək Odlar Yurduna səyahət edirlər.