“Tesla” kompaniyasının baş direktoru İlon Mask ötən il xeyriyyə məqsədilə 5,7 milyard dollar həcmində qiymətləndirilən səhm ianələri edib.
“The Wall Street Journal” xəbər verir ki, bu barədə məlumat İlon Maskın ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim etdiyi hesabatda yer alıb. Hesabatda sahibkarın ianə etdiyi səhmləri kimlərə verdiyi barədə informasiya yoxdur. İlon Maskın özü də bu məlumatı şərh etməkdən boyun qaçırıb.
İanələr 2021-ci ilin son iki ayı ərzində “Tesla” kompaniyasının ümumi dəyəri 16 milyard dollardan çox qiymətləndirilən səhmlərinin satış seriyası zamanı edilib.
“Chronicle of Philanthropy” jurnalının məlumatına görə, ötən ilin yekunlarına əsasən, yalnız Bill və Melinda Qeyts cütlüyü İlon Maskdan daha çox – 15 milyard dollar ianə verib.
Qeyd edək ki, “Tesla” kompaniyasının 2021-ci ildə əldə etdiyi xalis mənfəət rekord həddə – 5,5 milyard dollara çatıb.