Polşalı turistlər üçün bu memarlıq irsi ilə bağlı xüsusi gəzinti turu da hazırlanıb
Fevralın 17-də Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə polşalı memarların Azərbaycanda yaratdığı memarlıq irsinə dair layihənin təqdimatı olub. Layihənin əsas tərəfdaşları Azərbaycan Turizm Bürosu və Bakı Media Mərkəzidir.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycanın Polşa ilə müasir diplomatik əlaqələri 30 ildir bərpa olunsa da, əslində, bu əlaqələrin tarixi XV əsrdən, Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənin Polşa kralı ilə qurduğu münasibətlərdən başlanır. Polşa XX əsrin sonunda Azərbaycanı müstəqil dövlət kimi ilk tanıyan ölkələrdən biridir.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkənin əlaqələri uğurla inkişaf edib. Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Heydər Əliyevin 90 illik yubileyinin qeyd edildiyi 2013-cü ildə Qniezno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsi açılıb. Bu gün Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin genişlənməsinə mühüm önəm verir.
Xatırladaq ki, Polşanın qədim paytaxtı Qnieznoda “Dostluq” abidəsi Azərbaycanla Polşa arasında diplomatik əlaqələrin qurulmasının 540 illiyi və bərpasının 20 illiyi münasibətilə qoyulub. Abidə (müəlliflər – Səlhab Məmmədov və Əli İbadullayev) üz-üzə dayanmış palıd yarpağı formasındadır.
Sevda Məmmədəliyeva bildirib ki, Bakının özünəməxsus gözəlliyinin yaradılmasında Polşa memarları mühüm rol oynayıblar. Onların layihə müəllifləri olduqları tarixi tikililər bu gün yeni çalarda öz gözəlliyi ilə bizi cəlb edir. Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib. Diqqətə çatdırılıb ki, təqdim olunan layihə Azərbaycana səfər edəcək polşalı turistlər üçün də çox faydalı olacaq.
Polşanın Bakıdakı səfiri Rafal Poborski deyib: “Ötən il biz Polşa-Azərbaycan əlaqələrinin 30 illiyini qeyd etdik. Bizim əlaqələrimiz tək diplomatik deyil, həm də sosial-iqtisadi və siyasi sahələri əhatə edir. Bizim əlaqələrin tarixi qədimdir. Bu gün təqdimatına yığışdığımız layihə Polşa memarlarının Azərbaycanda yaratdığı abidələrlə bağlıdır. 2019-cu ildə Azərbaycan və Polşa prezidentlərinin iştirakı ilə Bakıda “Polşa memarları” küçəsinin açılışı olub. Azərbaycanda Polşa memarlarının yaratdığı abidələr turizm baxımından da əhəmiyyətlidir. Düşünürəm bu abidələr tək memarlıq nümunəsi deyil, həm də Azərbaycanın tarixini əks etdirən elementlərdir...”.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid layihənin Polşa-Azərbaycan turizm əlaqələrinin inkişafına dəstək olacağını deyib. Bildirib ki, təmsil etdiyi qurum Polşa turistləri üçün gəzinti turu hazırlayıb, həmçinin yol xəritəsi tərtib edib. Tur çərçivəsində turistlər polşalı memarların ucaltdığı binalarla tanış olacaq. Bu məqsədlə hazırlanan broşürdə onların Azərbaycanda yaratdığı bütün memarlıq abidələri yer alıb. Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memarı – İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin Azərbaycandakı memarlıq fəaliyyətlərindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur.
Nəşrdə həmçinin XX əsrin əvvəllərində Şamaxı, Gəncə, Qusar və Zaqatalada polyak memarlıq üslublarında məscid, kilsə, eləcə də şəhər planlarının hazırlandığı diqqətə çatdırılır. Broşürlə “Azerbaijan.travel” portalında tanış olmaq mümkündür. “Ümid edirəm ki, sərhədlər açıldıqdan sonra yeni-yeni istiqamətlər üzrə məlumatlar hazırlanacaq”, – deyə F.Zenqstşmid əlavə edib.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə qeyd edib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıya əcnəbi sərmayədarlarla yanaşı, tanınmış mühəndislər, inşaat üzrə mütəxəssislər də gəlirdi. Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla bərabər, əcnəbi mütəxəssislər də fəal iştirak edirdilər. Şərq üslubunu heç vaxt itirməyən şəhər, eyni zamanda bir Avropa şəhərinə çevrilirdi. Bu məsələdə, ümumiyyətlə, Bakının arxitekturasında polşalı memarlar xüsusi rol oynayırdılar. Onlar Azərbaycan paytaxtının bir sıra möhtəşəm tarixi binalarının müəllifi olublar. Məsələn, Murtuza Muxtarovun sarayı (“Səadət” sarayı), İsmailiyyə (AMEA Rəyasət Heyətinin binası), Bakı Şəhər İcra Hakimiyyətinin binası və bir çox tarixi binalar polşalı memarların layihələri əsasında inşa olunub. “O dahi memarlar milliyyətcə polşalı olublar, düzdür, amma, eyni zamanda onlar Azərbaycanda memarlıq irsini təşkil edən əsərlər yaradıb deyə, həm də azərbaycanlı sayılmalıdırlar”, – deyə Elbay Qasımzadə bildirib.
Memarlıq tarixinin tədqiqatçısı, professor Elçin Əliyev diqqətə çatdırıb ki, ölkəmizdə on bir polşalı memar tərəfindən 81 abidə ucaldılıb. O, Azərbaycanda Polşa memarlarına həsr olunan fundamental kitabın yazılmasının vacibliyini vurğulayıb.
Tədbirin sonunda təqdim edilən broşür əsasında hazırlanmış slayd-şou nümayiş olunub.