Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi vurğulanır.

Ermənistanın dövlət rəsmilərinin bəyanatları və erməni ictimai mənbələrinin məlumatları əsasında hazırlanmış hesabatda təkcə Vətən müharibəsi dövründə 73 ölkədə yaşayan erməni diaspor təşkilatları tərəfindən 170 milyon dollardan artıq vəsaitin toplandığı və bunun 110 milyon dollarının müharibə xərclərinin ödənilməsi məqsədilə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü qeyd edilir. Bildirilir ki, bu fakt Ermənistan baş nazirinin 2021-ci il aprelin 21-də parlamentdə dövlət büdcəsi ilə bağlı çıxışında əksini tapıb.

Vurğulanır ki, əksəriyyəti Ermənistanın siyasi rəhbərliyinin təmsil olunduğu “Hayastan All Armenian Fund” tərəfindən təşkil və idarə olunan bu cür ianə kampaniyaları 44 günlük müharibənin yekunlarına dair Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra da davam etdirilir.

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş və onun ərazisinə qanunsuz maliyyə axını yaradan bu cür fəaliyyətlər eyni zamanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud olan beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.