Fevralın 17-də Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin ən qanlı səhifələrindən olan Qaradağlı faciəsinin 30-cu  ildönümü tamam oldu. 1992-ci ilin 17 fevralında erməni silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın Xocalı soyqırımından sonra xalqımızın Qarabağda yaşadığı ikinci böyük müsibətdir.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlanıb. Kənd dəfələrlə erməni silahlı dəstələri tərəfindən hücumlara məruz qalıb, onlarla sakin öldürülüb və yaralanıb.

1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən keçmiş Sovet Ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş Qaradağlı kəndinə hücuma keçdilər. Kəndin əlisilahlı yüzə yaxın sakini və 14 əsgər üç gün düşmənə qarşı savaşdı. Amma qüvvələr qeyri-bərabər idi. Döyüşlərdə 14 nəfər həlak oldu.

1992-ci il fevralın 17-də Qaradağlı işğal edilərək yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülmüşdü. Onlardan 68 nəfəri öldürüldü, qalanlar böyük çətinliklə əsirlikdən azad edildi.

Ermənistanın həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilmiş, 43 ailə öz başçısını itirmiş, 146 uşaq yetim qalmışdı. Ümumilikdə kəndin 91 nəfər sakini qətlə yetirilmişdi. Onlardan 10-u qadın, 8-i məktəbyaşlı uşaq idi.

2020-ci ilin Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə erməni işğalının bütün qurbanlarının, o cümlədən Qaradağlıda qətlə yetirilən sakinlərin qisası düşməndən alındı...