Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə bu ölkənin parlamentinə Xocalı qətliamına dair petisiya təqdim olunub.

Petisiya parlamentin Mühafizəkarlar Partiyasından olan üzvü Maykl Kuperin dəstəyi ilə dərc edilib və 1500-də artıq Kanada vətəndaşının imzası ilə parlamentə təqdim edilib.

Petisiyanı parlamentdə təqdim edərkən Maykl Kuper Xocalı qətliamının Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, münaqişə nəticəsində Azərbaycan əraziləri otuz ilə yaxın işğal altında saxlanılıb, 800 mindən artıq azərbaycanlı öz torpaqlarından qovulub.

Petisiyada Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının Kanada hökuməti tərəfindən rəsmi olaraq pislənməsi, 26 fevralın Kanadada “Anım günü” kimi qeyd edilməsinin elan olunması, gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi məqsədilə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası və eləcə də münasibətlərin normallaşdırılması səylərinə Kanada tərəfindən dəstəyin verilməsinə çağırış yer alıb.

Petisiya üçün imza toplanmasında Kanadada yaşayan azərbaycanlılar aktiv iştirak ediblər.