Azərbaycanın haqlı mövqeyi BMT təmsilçisinin diqqətinə çatdırılıb

 

Ermənistanın otuz ilə yaxın davam edən işğalı nəticəsində şəhərlərimiz, kəndlərimiz, maddi-mədəni, dini obyektlər tamamilə dağıdılıb. Azərbaycanın müraciətlərinə baxmayaraq, bütün işğal dövründə UNESCO bu ərazilərdə qiymətləndirmə aparmayıb.

Milli Məclisin sədri Sahibə Qafarova bu sözləri fevralın 17-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşdə deyib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi kimi fəaliyyətinin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə inandığını ifadə edib, qonağa bu sahədə uğurlar arzulayıb.

Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, bu il ölkəmizin BMT-yə üzv olmasının 30 illiyi tamam olacaq. Azərbaycan BMT-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumlarla fəal əməkdaşlıq edir. Azərbaycanın 155 üzv dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illərdə qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir.

Milli Məclisin sədri vurğulayıb ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi həm də BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal narahatlıq doğuran məsələlər üzrə görülən işlərə öz töhfəsini verir. 2020-ci ilin dekabrında Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təklif əsasında dövlət və hökumət başçıları səviyyəsində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə üzrə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağrılıb.  Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il martın 23-də BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində və 2021-ci il dekabrın 16-da Baş Assambleyanın 76-cı sessiyası çərçivəsində plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə “COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.

Azərbaycanın tarixi Zəfəri ilə yekunlaşan 2020-ci ilin 44 günlük Vətən müharibəsi barədə danışan Sahibə Qafarova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü həyata keçirib. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparılır və ümumilikdə Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb.

Görüşdə Vladanka Andreyeva Azərbaycanın BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, Azərbaycan BMT üçün mühüm məsələlərdə qlobal liderliyi öz üzərinə götürən vacib tərəfdaşdır.

BMT-nin nümayəndəsi yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklərini və orada qiymətləndirmə missiyası həyata keçirəcəklərini diqqətə çatdırıb. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası barədə planlarının, xüsusilə də “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin onda böyük təəssürat yaratdığını qeyd edib.

Dayanıqlı inkişaf məqsədlərindən danışan qonaq bunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası və insanların geri qayıdışının təmin edilməsi barədə fikirlərini bölüşüb.