Fevralın 17-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun yubileyi münasibətilə "90 yaşlı musiqi qəhrəmanı" adlı tədbir keçirilib.

Tədbirin təşkilatçısı və aparıcısı musiqişünas Nərgiz Kərimova bəstəkarın həyat və yaradıcılığından söz açıb, onun əsərlərindən ibarət konsert proqramı haqqında məlumat verib.

Sonra məktəbin şagird və müəllimlərinin ifasında Tofiq Bakıxanovun əsərləri səslənib.

Konsertdə bəstəkarın mahnılarından ibarət diskin təqdimatı da keçirilib. Diski Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin vokal ixtisası üzrə müəllimi İslamə Abdullayeva hazırlayıb.

Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli məktəbin rəsm müəllimi Əli Ağadadaşovun çəkdiyi portreti bəstəkara hədiyyə edib.

Tədbirin yüksək səviyyədə təşkilinə görə məmnunluğunu ifadə edən Tofiq Bakıxanov iştirakçılara təşəkkürünü bildirib. Bəstəkar məktəbin şagirdi Əmirə Terequlovaya gözəl ifasına görə hədiyyə təqdim edib, uğurlar arzulayıb.