İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK), Türkiyənin Ədliyyə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə fevralın 16-17-də İstanbulda “Müsəlmanların qarşılaşdığı insan hüquqları pozuntuları” mövzusunda beynəlxalq seminar keçirilib.

Ölkəmizi tədbirdə Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı təmsil edib. O, seminarda çıxışı zamanı faşizm, rasizm, ksenofobiya kimi, islamafobiyanın da insanlıq əleyhinə cinayətlərin törədilməsinə səbəb olduğunu bildirib, Ermənistanın uzun illər azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin əsas səbəbinin dini və milli faktorlar olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb.

Eyni zamanda, vurğulanıb ki, ötən il Azərbaycan Ombudsmanının dəvəti əsasında İƏT MDİHK-nın üzvləri ölkəmizdə səfərdə olub, Ermənistan tərəfindən törədilmiş beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının pozulması hallarının müəyyən edilməsi ilə bağlı faktaraşdırıcı missiya həyata keçiriblər. Həmin monitorinqlər zamanı nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərində kütləvi dağıntılara, o cümlədən Pənahəli xan məqbərəsi, Ağdam Cümə məscidi kimi mədəni və dini abidələrin dağıdılması, müsəlmanlara məxsus abidələrin təhqir olunması faktlarına şahidlik etdikləri vurğulanıb.

Aparat rəhbəri, həmçinin 1992-ci ilin 26 fevralında erməni silahlı qüvvələri tərəfindən azərbaycanlıların məhz etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edildiyi Xocalı soyqırımı barədə məlumat verib. Bildirilib ki, bu dəhşətli qətliamdan 30 il keçməsinə baxmayaraq, onu törədənlər hələ də ədalət mühakiməsindən kənarda qalmaqdadırlar.

Tədbirdə İƏT tərəfindən Xocalıda törədilən cinayətin soyqırımı kimi tanındığı qeyd olunaraq, digər İslam ölkələrinin də bu cinayəti soyqırımı kimi tanımasına çağırış edilib və bu cinayətləri törədənlərin ədalət mühakiməsinə cəlb olunması istiqamətində birgə əməkdaşlığın zəruriliyi vurğulanıb.