Prezidentin köməkçisi işğaldan azad edilmiş ərazilərə səfəri başa vuran əcnəbi səyyahlarla görüşüb

 

Xəbər verdiyimiz kimi, dünyanın 21 ölkəsindən olan tanınmış səyyahlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunan səfər proqramı fevralın 16-da Şuşa şəhəri ilə tanışlıqla başlayıb. Qonaqlar sonra Ağdama səfər ediblər. Fevralın 17-də səfər proqramı Laçın və Kəlbəcər rayonlarını əhatə edib. Xarici səyyahlar fevralın 18-də Zəngilan və Füzuli rayonlarında olublar.

Zəngilana səfər zamanı qonaqlar rayonun yenidən – “Ağıllı kənd” (“Smart Village”) konsepsiyası əsasında inşa olunan Ağalı kəndində olublar. Qeyd edilib ki, bu kənd azad olunmuş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq. Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq edilib. Kənddə enerjiyə tələbat “yaşıl enerji” sistemi ilə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa edilən “Arximed qurğusu” tipli kiçik su elektrik stansiyası vasitəsilə həyata keçiriləcək. Bu qurğu vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək.

“Ağıllı kənd”də evlərin dam hissəsində yerləşdirilən vakuum günəş kollektorları vasitəsilə enerji toplanaraq mənzilin və suyun qızdırılmasında istifadə ediləcək. Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyyatı ilə qızdırmağa imkan verəcək. “Ağıllı kənd”də həmçinin “Ağıllı kənd təsərrüfatı” sistemi üzrə camışçılıq ferması istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq.

Daha sonra qonaqlar Füzuli rayonuna gələrək Zəngəzur dəhlizi boyunca yenidən inşa olunan Horadiz-Ağbənd dəmiryolunun bu ərazidən keçən hissəsində olublar. Onlara Zəngəzur dəhlizinin böyük iqtisadi potensiala və təbii ehtiyatlara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaratması haqqında məlumatlar verilib.

***

Fevralın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfərdən sonra Bakıya qayıdan xarici səyyahlarla görüşüb.

Hikmət Hacıyev bu barədə özünün “Twitter” hesabında bildirib.

“Üçgünlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.