Pandemiya hələ bitməyib
Dünya Səhiyyə Təşkilatı (ÜST) bir sıra ölkələrdə tələskənlik göstərilərək koronavirus pandemiyası ilə bağlı tam yumşalmaların və hətta pandemiyanın bitdiyinin elan edilməsinə etirazını bildirib.
Təşkilatın rəhbəri Tedros Qebreyesus xəbərdarlıq edib ki, dünyanın bir sıra ölkələrində yüksək peyvənd kvotası və “omikron“ variantına yoluxmaların nisbətən rahat keçməsi ictimai fikirdə sanki pandemiyanın başa çatması kimi təhlükəli anlayışa yol açır.
Baş direktor bildirib ki, bu yanaşma düzgün deyil, çünki xəstəlikdən hər həftə dünyada 70 min insan həyatını itirir. Afrika əhalisinin 80 faizdən çoxuna peyvəndin ilk dozası hələ də vurulmayıb. Bir çox ölkələrin səhiyyə sistemləri yüksək yoluxmalara görə xəstəxanaların yüklənməsi ilə bağlı əziyyət çəkir. Hazırkı vəziyyət daha yoluxucu və təhlükəli variantların meydana gəlməsi üçün münbit zəmin ola bilər.
DST rəhbəri qeyd edib ki, pandemiyaya qlobal səhiyyə fövqəladə vəziyyəti kimi son qoymaq mümkündür. Bunun üçün müvafiq tibbi-texniki imkanlar, bilik və təcrübə mövcuddur. O, dünyanın zəngin ölkələrini inkişaf etməkdə olan ölkələri peyvənd, testlər, dərman preparatları və maskalarla təmin etmək üçün 16 milyard ABŞ dolları həcmində vəsaitin toplanmasına dəstək göstərməyə çağırıb. T.Qebreyesusun sözlərinə görə, pandemiyadan dolayı daha bir ili ağır iqtisadi nəticələrlə keçirmək əvəzinə 16 milyard dollarlıq vəsaitin toplanması daha məqsədəuyğun yol sayılmalıdır.
Qeyd edək ki, COVİD-19 infeksiyasının dünyada yayılması 2020-ci ilin yanvarında başlayıb. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı rəsmən pandemiya vəziyyəti elan edib.