Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

192 il əvvəl...

24 fevral 1830-cu ildə Azərbaycanın Car-Balakən bölgəsindəki üsyanı yatırmaq üçün Rusiya ordusunun Qafqaz korpusunun hissələri əraziyə yeridilib. General İvan Paskeviçin rəhbərlik etdiyi qoşunlar üsyanı yatırmağa müvəffəq olsa da, bir neçə aydan sonra bölgədə yeni üsyan başlandı.

 

191 il əvvəl...

25 fevral 1831-ci ildə Şərqi Avropada jandarm rolunu oynayan çar Rusiyasının ordusu Polşa üsyanını qan içində boğub. XVIII əsrin sonunda Polşa dövləti (Reç Pospolita) Rusiya və Prussiya tərəfindən bölüşdürülmüşdü. Üsyanın yatırılmasından sonra I Nikolay Polşanın özünüidarə statusunun məhdudlaşdırılması barədə fərman verib. Polşa formal muxtariyyətlə Rusiya imperiyasının bir hissəsi elan edilib.

 

174 il əvvəl...

24 fevral 1848-ci ildə Fransada növbəti burjua inqilabı monarxiyanın yıxılması ilə nəticələnib. Kral Lui-Filipp taxtdan salınıb. İkinci Fransa Respublikasının yarandığı elan edilib.

 

160 il əvvəl...

25 fevral 1862-ci ildə ilk kağız dollar (1 dollarlıq əsginası) dövriyyəyə buraxılıb. O vaxtadək dollar ancaq metal (sikkə) şəklində idi.

 

104 il əvvəl...

23 fevral 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası keçirilib. Seymdəki üç əsas partiya – gürcü sosial-demokratlar (menşeviklər) 32, “Müsavat” partiyası 30, ermənilərin “Daşnaksütyun” partiyası 27 deputatla təmsil olunmuşdu. Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin azərbaycanlı (müsəlman) deputatların “İttihad”, “Hümmət”, müsəlman sosialistlər qrupları (cəmi 14 nəfər) yer almışdı. Azərbaycanlı deputat fraksiyasına (44 nəfər) Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi.

 

101 il əvvəl...

25 fevral 1921-ci ildə Cənubi Qafqaza yürüşünü davam etdirən bolşevik Rusiyasının ordu hissələri Azərbaycan və Ermənistandan sonra Gürcüstanda da sovet hakimiyyətini elan edib. 1918-1921-ci illərdə fəaliyyət göstərmiş Gürcüstan Respublikasının mövcudluğuna son qoyulub.

 

78 il əvvəl...

23 fevral 1944-cü ildə Stalinin əmri ilə çeçen və inquşların Orta Asiyaya deportasiyası başlanıb. Rusiya Federasiyası tərkibində Çeçen-İnquş Muxtar Respublikası ləğv edilib. Sovet rəhbərliyi deportasiyanı çeçen və inquşların guya faşist Almaniyasına rəğbəti ilə əsaslandırmışdı. Ümumilikdə 500 minə yaxın insan köçürülmüşdü. 1956-cı ildə çeçen və inquşlara reabilitasiya verildi, bir il sonra RF tərkibində Çeçen-İnquş Muxtar Respublikası bərpa edildi. 1992-ci ildə iki ayrı muxtariyyətə bölündü.

 

36 il əvvəl...

25 fevral 1986-cı ildə Sov.İKP-nin sonuncu, 27-ci qurultayı işə başlayıb. Baş katib Mixail Qorbaçov siyasi məruzəsində “sürətləndirmə, yenidənqurma və aşkarlıq” şüarını irəli sürüb.

 

28 il əvvəl...

24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi əksini tapmışdı.

Hazırladı: V.Orxan