XX əsr divar rəsmlərinin estetikası haqqında

 

Qədim tarixə və özünəməxsus bədii ənənələrə malik olan Azərbaycan monumental-dekorativ rəngkarlığının XX əsrdə – bolşevik işğalından sonrakı inkişaf mərhələsinin zənginliyi ilə seçilməsi yeni iqtisadi-siyasi durumla bağlı olmuşdur. Başqa sözlə desək, əvvəlki əsrlərdən fərqli olaraq yeni şərait və tələblər ən müxtəlif funksiyalı tikililərin bəzədilməsinə imkan vermişdir. Amma ötən əsrin Azərbaycanın sovetləşməsinə qədərki iki onilliyində də monumental sənət sahəsində müəyyən işlər görülmüşdü. Bakının ayrı-ayrı evlərində indiyə qədər “Şərq mövzusu”nu (“Leyli və Məcnun”, “Əsli və Kərəm” və s.) əhatə edən həmin rəsmlərin qalması da dediklərimizi təsdiqləyir.

Bu yerdə monumental-dekorativ rəngkarlığın bilavasitə yeni tikililərlə bağlı yaradıldığını və bu mənada ilk bir neçə onillikdə respublikada ciddi tikinti işlərinin aparılmadığını vurğulamaqla monumental sənətin də zəif inkişaf etdiyini söyləməliyik. Yalnız İkinci Dünya müharibəsindən sonrakı dövrdə tikinti-quruculuq işlərinə böyük təkan verilməsi tərtibat işlərinin də vüsət almasına zəmin yaratmışdır. Həmin illərdə inşa olunan müxtəlif funksiyalı yeni tikililərin bəzədilməsinə misal olaraq Bakının Xətai rayonundakı Mədəniyyət sarayının, Texniki təhlükəsizlik muzeyinin, Masallı, Füzuli, Ağdam və digər rayonlardakı kolxoz mədəniyyət evlərinin divar və tavanlarında yer almış süjetli və ornamentli tərtibatların adlarını çəkmək olar. Bu mənada istedadlı rəngkarlar Baba Əliyev, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, İqor Rıjenko və başqalarının həmin tikililərin divar və tavanları üçün süjetli kompozisiyalar və mənzərə işləmələrini qeyd etmək olar.

Masallının Şərəfə kənd Mədəniyyət evinin 1955-ci ildə həyata keçirilən bəzək işlərini Oqtay Sadıqzadə və Ağa Mehdiyev həyata keçirmişdi. Onların əmək və istirahət mövzusunda yaratdıqları səkkiz divar rəsmi şux və cəlbedici boyaları ilə məkana xüsusi nikbinlik bəxş edirdi.

Müharibədən sonrakı illərdə Oqtay Şıxəliyev, Tofiq Ağababayev, Arif Ağamalov, Qorxmaz Əfəndiyev, Həsənağa Ələsgərov, Hüseyn Hüseynov, Hacağa Rəcəbov, Rəhim Məmmədov və başqalarının SSRİ-nin müxtəlif şəhərlərində monumental sənətin bədii-texniki vərdişlərinə yiyələnmələri 50-ci illərdə bu sahədə uğurlu əsərlərin yaranmasına səbəb oldu.

Bununla belə, etiraf edək ki, respublikada yaradılan və ictimaiyyətin duyulası rəğbətini qazanan monumental divar rəsmi Toğrul Nərimanbəyovun A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasının interyerini bəzəyən böyük həcmli “Nağıllar aləmində” əsəri (1975-1978) olmuşdur. Azərbaycan şifahi xalq yaradıcılığı nümunələrini bir araya gətirərək, tamaşaçı düşüncələrini qanadlandırmaq qüdrətinə malik olan bu divar rəsmində (ümumi sahəsi 350 kvadratmetr) məna-məzmun daşıyıcıları olan çoxsaylı qəhrəmanlara “nağıl tutumu” verməyə nail olan müəllif nəticədə əsərin möhtəşəmliyinə, ən başlıcası isə, onun qərarlaşdığı məkanın memarlığı ilə uğurlu sintezinə nail olmuşdur...

Keçmiş “Moskva” mehmanxanasının (indiki “Alov qüllələri”nin yerində) foyesində mövcud olmuş “Aşığın nəğməsi” (1978) adlı divar rəsmi (35 kvadratmetr) də maraqlı sənət nümunələrindən idi. Burada da rəngin emosionallıq yaratmaq gücündən istifadə edən rəssam aşığın insanı duyğulandıran nəğməsində öz ətrafında baş verənlərə – yurdumuzun müasir durumuna “bədii güzgü” tutmuş, müxtəlif süjetlərin köməkliyi ilə nikbinliklə dolu lövhə –  bədii məkan yarada bilmişdi.

Rəssamın 1979–1980-ci illərdə Ali Sovetin (Milli Məclisin) foyesində yaratdığı “Çiçəklən, mənim yurdum!” divar rəsmi (130 kvadratmetr) əvvəlki iki əsərdən fərqli olaraq məna-məzmun ümumiləşdirmələri ilə seçilir. Doğma Azərbaycanın uzaq-yaxın keçmişinə rəmzi-fəlsəfi “bədii güzgü” tutan, görkəmli şəxsiyyətlərini və tarixi abidələrini bir araya gətirən rəssam çox cəlbedici və duyğulandırıcı monumental lövhə ərsəyə gətirmişdir.

Monumentalçı-rəssam Yaqub Mehdiyevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya Maarifi Evinin interyerində yer alan “Təbabət elmi” (1978) adlı əsəri (90 kvadratmetr) onu seyr edənlərə bu sahənin qədimlərdən bu günə kimi uzanan inkişaf yolu, görkəmli təbiblərin obrazları ilə tanış olmağa imkan yaratmışdır.

Çingiz Fərzəliyevin Bakıdakı “Arzu” şadlıq sarayında işlədiyi “Azərbaycan toyu” (1973) adlı divar rəsmindəki kolorit şuxluğu isə ilk növbədə məkan funksiyasından qaynaqlanmaqla yanaşı, bura üz tutanlarda nikbin ovqat yaratmağa xidmət edirdi.

80-ci illər Azərbaycan monumental-dekorativ rəngkarlığında yeni-yeni əsərlərin yaradılması ilə yadda qalmışdır. Oqtay Şıxəliyevin həmkarı Fəxrəddin Əliyevlə birlikdə T.Bəhramov adına Respublika Stadionunun yaxınlığında – Yüngül atletika manejində işlədiyi irihəcmli (200 kvadratmetr) “Azərbaycan folkloru” (1980) həmin illərin ən yaddaqalan monumental-dekorativ rəngkarlıq nümunəsi sayıla bilər. Qədimlərdən bəri xalqımızın formalaşan folklor nümunələrini Azərbaycan təbiəti və ecazkar ornamentlərlə əlaqələndirən müəlliflər nikbin koloritlə bayram ovqatlı səhnənin yaradılmasına nail olmuşlar.

Görkəmli fırça ustası Qorxmaz Əfəndiyevin Bakının Suraxanı rayonundakı “Atəşgah” restoranında (1980-ci illər) və indiki Bakı Slavyan Universitetində (1980-ci illər) həyata keçirdiyi monumental işlər də bədii həllinə görə müasir və yaddaqalandır. İstirahət və əyləncə mərkəzindəki relyefli “Od motivləri”, təhsil ocağında isə “Dünya ədəbiyyatının korifeyləri” mövzusundakı divar rəsmlərini orijinal bədii həll ilə gerçəkləşdirən müəllif monumental sənət saxlancımızı maraqlı nümunələrlə zənginləşdirmişdir.

Həmin illərdə rəssam Əşrəf Heybətov Sumqayıtdakı Xovlu iplik fabrikində “Ellər bayramı” (1982) adlı divar rəsmi (500x1000 sm) yaratmışdı. Yaradıcılığında daha çox milli bədii ənənələrin müasir tutumda təfsirinə üstünlük verən müəllif bu əhatəli divar rəsmində də, onlarla səsləşən koloriti tətbiq etməklə, gözoxşayan səhnə təsvir etmişdir.

O  illərdə böyük sənətdə ilk addımlarını atan Rövşən Məmmədovun ərsəyə gətirdiyi divar rəsmlərində də obyektlərə nikbin ruh bəxş etmək istəyi güclü olmuşdur. Onun paytaxtın Bakıxanov qəsəbəsindəki keçmiş 84 saylı Peşə texniki məktəbində (“Şərq bazarı”, “Toy” – 1986) və Uşaq stomatoloji xəstəxanasında (1984) çəkdiyi divar rəsmləri (“Kosmos”, “Azərbaycan nağılları”) bu mənada diqqəti cəlb edir.

Rövşən Məmmədovun həmkarı Elmas Hüseynovla birlikdə yaratdığı, vaxtilə Bakıdakı “Cırtdan” mağazasının interyerini bəzəyən “Azərbaycan nağılları” (300x500 sm; 1988) divar rəsmi də məkana xoş ovqat bəxş edən əsərlərdən idi.

70-80-ci illərdə Sovet İttifaqında “Əsrin tikintisi” kimi tanınan Baykal-Amur dəmiryolunun tikintisi zamanı Azərbaycandan gələn inşaatçılar tərəfindən İrkutsk vilayətində yeni salınan Ulkan qəsəbəsinin tərtibat işlərində bizim rəssamlar da fəal iştirak etmişlər. Zöhrab Mütəllibovun Ulkan qəsəbəsindəki ticarət mərkəzinin interyerində çəkdiyi divar rəsmi (1984) maraqlı tərtibatlardandır.

Bakıda tanınmış fırça ustaları – Sirus Mirzəzadə və mərhum İsmayıl Məmmədovun yaratdıqları divar rəsmləri (1980-ci illər) sonradan məhv edilsə də, onlar Azərbaycan monumental-dekorativ rəngkarlığını zənginləşdirən nümunələr kimi yadda qalmaqdadırlar. Divar rəsmi (500 kvadratmetr) üçün XII əsr Azərbaycan və dünya ədəbiyyatının ulduzu sayılan Nizami Gəncəvinin “Xəmsə”sinin süjetlərini məna-məzmun daşıyıcısı seçən müəlliflər onu miniatür üslubunda gerçəkləşdirməklə, motivlərin yaddaqalan və cəlbedici tutum almasına nail olmuşdular.

Onların indiki Fəvvarələr meydanında – yeraltı məkanda yerləşən keçmiş “Retro” fotoatelyesinə verdikləri bədii tərtibat (1980-ci illər) da estetik tutumuna görə bənzərsiz idi. Divarlardakı eyvan elementlərini ümumi kompozisiyaya (150 kvadratmetr) qatan müəlliflər canlılığı və həyatiliyi qabarıq olan səhnələrin yaranmasına nail olmuşdular.

İsmayıl Məmmədov “Azərbaycan” kinoteatrının foyesindəki divar rəsmlərini (1988) isə tək işləmişdi. Bədii tutumunun orijinallığına görə Azərbaycan monumental-dekorativ rəngkarlığında unikal sayılan bu əsərin bizim günlərə gəlib çatmaması yalnız təəssüf doğurur. 200 kvadratmetr sahədə icra olunan və özündə kino tariximizlə bağlı olan 160 fiqur-obrazı hifz edən bu divar rəsmini qoruyub saxlamaq olardı.

Ucal Haqverdiyevin Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsində yerinə yetirdiyi divar rəsmi (1998-2003) də mövzusuna və bədii həllinə görə diqqətçəkən sənət nümunələrindəndir...

Çox təəssüf ki, müstəqillik illərində respublikada tikinti-abadlaşdırma işlərinin duyulası dərəcədə genişlənməsinə baxmayaraq, yeni tikililərdə bədii vasitələrdən nadir hallarda istifadə olunmuşdur. İnanmaq istərdik ki, bu arzuolunmaz vəziyyət yaxın gələcəkdə yaxşılığa doğru dəyişəcəkdir...

Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor