Qarabağ münaqişəsinin tarixi kontekstində əcnəbi tələbələr üçün mühazirə

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “XI Beynəlxalq multikulturalizm qış məktəbi” çərçivəsində yerli və xarici tələbələr üçün mühazirələr keçirilir.  Fevralın 21-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi konteksində” mövzusunda mühazirə oxuyub.

BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, budəfəki qış məktəbində 17 ölkədən (Türkiyə, Rusiya, İran, İtaliya, Almaniya, Koreya, Hindistan, Yaponiya, Rumıniya, Peru, ABŞ, Braziliya, Ukrayna, Bolqarıstan, Pakistan, Gürcüstan, Azərbaycan) 20-dən çox tələbə və tədqiqatçı iştirak edir.

Qeyd edək ki, layihə iştirakçılarının Ağdam və Şuşa şəhərlərinə səfərləri də təşkil edilib. Onlar Ağdamda Şahbulaq qalası, İmarət saray kompleksi, Cümə məscidi, Şuşada Vaqif məqbərəsi, Bülbülün Ev-Muzeyi, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Qazançı kilsəsi, Şuşa qalası, Cıdır düzündə olub, erməni vandalizminin nəticələrini öz gözləri ilə görüblər.

Mühazirəni təqdim edən Azad Cəfərli bildirib ki, işğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı ən mühüm istiqamətlərdən biridir. Bu ərazilərə həyatın yenidən qayıdışı, mədəni həyatın yenidən bərqərar olunması insanların yaşaması üçün çox vacib bir elementdir. Mühazirədə mədəni irsə baxış, dövlətin öz resurslarını səfərbər etməklə xalqın öz yurduna qayıdışının təşkil edilməsi və digər məsələlərə toxunulub.

Xidmət rəisi tələbələrə Qarabağda olan tarixi tikililər və mədəni irslə bağlı məlumat verib. Qeyd edib ki, azad olunmuş torpaqlarda mina təhlükəsinə görə insanlarımız sərbəst hərəkət edə bilmirlər. Azad Cəfərli bildirib ki, erməni işğalçıları otuz il ərzində mədəni irsimizə böyük ziyan vurub, bir çox tarixi abidələrimizi özününküləşdirmək məqsədilə üzərilərində dəyişikliklər ediblər. Həmin abidələrə baxış və müvafiq analiz zamanı məlum olub ki, özününküləşdirmə məqsədli işlər bütün işğal dövrü davam edib. İşğalçılar bu illər ərzində bizi Qarabağdakı irsimizdən məhrum etməyə çalışıblar. Qeyd edilib ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə azad edilmiş ərazilərdə Zəfər muzeyləri yaradılacaq.

Xidmət rəisi tələbələrin suallarını cavablandırıb.