“Qobustan dünyası” jurnalının, saytının və “Qavaldaş” cizgi filminin təqdimatı
Xəbər verdiyimiz kimi, Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalın ilk sayı işıq üzü görüb. Həmçinin nəşrin saytı (gobustandunyasi.az) istifadəyə verilib və qoruğun sifarişi ilə “Qavaldaş” cizgi filmi çəkilib.
Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində bununla bağlı təqdimat mərasimi keçirildi.
Əvvəlcə Qobustan qoruğunun əməkdaşı Vəfa Hüseynova təqdim olunan layihələr haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, xalqımızın qədim tarixini, yaşayış tərzini, mədəniyyətini, incəsənətini, özündə əks etdirən Qobustan abidələri mədəniyyətin müxtəlif sahələrinin silinməz nişanələrini gələcək nəsillərə daşıyır. Təkcə ölkəmizin deyil, bütün dünyanın mədəni irsi, mədəni sərvəti olan Qobustan abidələrinin, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin yerli və beynəlxalq səviyyədə layiqincə təbliğ olunması Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir.
Bildirildi ki, qoruğun təsis etdiyi “Qobustan dünyası” jurnalı, onun saytı və “Qavaldaş” cizgi filmi təbliğat sahəsində görülmüş işlərin bir qismidir. “Qobustan dünyası” dərgisi qoruğun ilk dövri mətbu nəşridir.
Azərbaycanın qədim və zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət sahələri üzrə mütəxəssislərin və yaradıcı şəxslərin bilik və təcrübəsinin ictimaiyyətlə paylaşılması məqsədilə təsis olunan jurnal ildə iki dəfə oxucuların görüşünə gələcək. Jurnalın birinci buraxılışı Qobustan abidələrinin ilk tədqiqatçısı, arxeoloq alim İshaq Cəfərzadənin (1895-1982) xatirəsinə ithaf olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, mədəniyyətimizi qorumaqla, əslində, kimliyimizi qoruyuruq. Mədəniyyət inkişaf etdikcə xalqın xarakteri və keyfiyyətləri də inkişaf edir. Dünya mədəni irsinin abidəsi olan Qobustan rəsmləri tariximizin və incəsənətimizin qədimliyini əks etdirməklə yanaşı, insanın yaradıcı düşüncəsinin formalaşmasının təzahürüdür. Bu qayaüstü rəsmlər onu göstərir ki, insanlar ilk dəfə gördüyünü əks etdirməyə çalışıb. İnsanlar bunu yaddaşını qorumaq üçün edib. Bu tarix musiqi, rəqs və mədəniyyətin digər sahələri ilə yanaşı, bu gün həm də rəqəmsal vasitələrlə gələcək nəsillərə ötürülür. Qobustan yalnız yaşayış məkanı deyil, eləcə də ayinlərin keçirildiyi bir yer olub. O, qədim və zəngin bir mədəniyyəti əks etdirir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxışında bu məkanda ilk arxeoloji tədqiqatlardan söz açdı. Bildirdi ki, qoruğun ilk tədqiqatçısı, arxeoloq və etnoqraf, tarix elmləri namizədi İshaq Cəfərzadə 1939-1950-ci illərdə Abşeron, Səbail, Qobustan və s. arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olub. O, vəfat etdikdən sonra bu işi alim Cəfərqulu Rüstəmov və həyat yoldaşı – tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi Füruzə Muradova davam etdirib. 1966-cı ildə Qobustan qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə “dövlət tarix qoruğu” statusunu alıb.
2007-ci ildə Qobustan qoruğu Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi ilə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bundan sonra, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, qoruq “milli” statusu alıb. Qobustan Milli Tarix-Bədii Qoruğunun 2011-ci ildə inşa edilən yeni inzibati binası – muzey kompleksi qoruğun zəngin fondu sayəsində 2013-cü ildə Avropanın ən yaxşı 10 muzeyindən biri seçilib. Qoruq 2019-cu ildə İCESCO-nun İslam İrsi Siyahısına daxil edilib.
Təqdim olunan layihələr haqqında danışan direktor diqqətə çatdırdı ki, “Qobustan dünyası” jurnalına mədəniyyət naziri Anar Kərimov ön söz yazıb. Jurnalda Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasından bəhs edən müxtəlif rubrikalarda yazılar yer alıb. “Mədəniyyətlər qovşağı”, tarix və mədəniyyət abidələrimizdən bəhs edən “Miras”, ölkəmizin 7 müxtəlif profilli muzeyinin hər birindən bir eksponatın daxil olduğu “Yeddi gözəl”, xalqımızın multikultural və tolerant ənənələrinə həsr olunmuş “Multikultural və tolerant Azərbaycan”, tanınmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş “Estafet”, eləcə də “Mədəniyyət xeyriyyəçiləri”, “Ziyalı sözü” və s. rubrikalarda maraqlı yazılar təqdim olunur.
Vüqar İsayev qeyd etdi ki, jurnalın növbəti sayından etibarən Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də nəşr olunması nəzərdə tutulur. Jurnalın saytı (gobustandunyasi.az) da yaradılıb, həmçinin yığcam formalı mobil versiyası hazırlanıb.
“Qavaldaş” cizgi filmi haqqında məlumat verən qoruğun rəhbəri vurğuladı ki, film Qobustan abidələrinin təbliğinə xidmət edir. Cizgi filminin süjet xəttini müasir dövrdə babalarının Qobustana gətirdiyi iki uşağın bu abidələrlə tanışlığı zamanı keçmiş aləmə düşməsi, buradakı qayaüstü təsvirlərdə yer alan qəhrəmanlar vasitəsilə qədim dövrlərə səyahət edib ulu əcdadlarımızın həyat tərzi ilə tanış olmaları təşkil edir.
Çıxışlardan sonra tədbir iştirakçıları “Qavaldaş” cizgi filmini izlədilər.
Filmin nümayişindən sonra “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Füruzə Muradova çıxış edərək yeni layihə münasibətilə təbriklərini çatdırdılar. Qobustan qoruğunun dünyanın heç bir qayaüstü abidəsi ilə müqayisə olunmadığı vurğulandı. Qeyd olundu ki, bu qəbildən bəzi abidələrdə yalnız qayaüstü təsvirlər öyrənilib. Bu, birtərəfli tədqiqatdır. Çünki qayaüstü təsvirlərin dövrünü qazıntı materialları olmadan dəqiq göstərmək mümkün deyil. Qobustanın bir çox dünya abidələrindən üstünlüyü ondadır ki, qayaüstü təsvirlər arxeoloji qazıntılarla bərabər öyrənilir.
Təqdimat mərasiminin sonunda qonaqlara “Qobustan dünyası” jurnalı və “Qavaldaş” cizgi filminin diskləri hədiyyə olundu.
Lalə