Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası “ARTCİRCLE” layihəsinə start verib.

Layihə Azərbaycanda müxtəlif ölkələrdən olan rəssamları tanıtmaq, onların yaradıcılığı ilə yaxından tanış olmaq və Azərbaycanın incəsənəti barədə xarici auditoriyalara məlumat verməyin yeni alətlərini tapmaq, həmçinin mədəni müxtəlifliyin təmin edilməsinə töhfə vermək məqsədi daşıyır.

Dünyada mədəni sahədə baş verən proseslər, incəsənətdə sürətlə dəyişən tendensiylar və yeniliklər əməkdaşlığa, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə, xarici rəssamlarla fikir mübadiləsinin aparılmasına zərurət yaradır.

Bu baxımdan yeni layihə ölkəmizdə incəsənət sahəsində mütəxəssisləri, həmçinin yerli rəssamları, həvəskarları xarici rəssamlarla virtual məkanda tanış edəcək, onların təcrübəsindən faydalanmağa, innovativ ideyalarını bölüşməyə təşviq edəcək.

 “Zoom” proqramı vasitəsilə müsahibə formatında keçirilməsi planlaşdırılan “ARTCİRCLE” layihəsinin video-materialı Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), "Facebook" və "İnstagram" sosial media hesabları vasitəsilə yayımlanacaq.