Fevralın 22-də Moskvadakı Yeni Tretyakov Qalereyasında dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun sərgisi açılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada Azərbaycan Günləri çərçivəsində təşkil edilən sərgidə rəssamın Tretyakov Qalereyasının kolleksiyasından əsərləri nümayiş olunur.
Ziyarətçilərə Tahir Salahovun natürmort, peyzaj, portret janrlarında əsərləri təqdim olunur. Qalereyadakı Tahir Salahov fondunun əməkdaşı Elmira Jdanova deyib ki, bu sərgi ilə görkəmli rəssamın xatirəsini bir daha yad edirik: “Ekspozisiyada müxtəlif dövrləri əhatə edən əsərlər sərgilənir. Eyni zamanda rəssamın qalereyaya 2019-cu ildə daxil olmuş sonuncu əsərlərindən biri – “Səhər ovu” əsəri ziyarətçilərə təqdim olunur. Burada Tahir Salahovun doğma şəhəri Bakıya həsr olunmuş rəsmləri də var. Tahir Salahov Azərbaycana və Rusiyaya sevgini özündə birləşdirən təkrarsız incəsənət xadimidir. Onun yaradıcılığında iki xalqın ənənələri öz əksini tapır...”.