Özbəkistan Elmlər Akademiyasının (ÖEA) Biruni adına Şərqşünaslıq İnstitutunda hibrid formatda keçirilən “Baburilər sülaləsi: tarixi, ədəbiyyatı, mədəniyyəti” adlı beynəlxalq elmi konfransa Azərbaycan alimləri də qatılıblar.
Konfransı ÖEA-nın vitse-prezidenti, Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov açaraq görkəmli şair, tarixçi, dövlət xadimi Zəhirəddin Məhəmməd Babur və Baburilər sülaləsi haqqında danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov çıxışında Zəhirəddin Məhəmməd Baburu Şərq mədəniyyətində, ədəbiyyatında mühüm yer tutan şair, eyni zamanda böyük sərkərdə, dövlət adamı kimi xarakterizə edib. Bildirib ki, şairin özbək dilində yazdığı “Baburnamə” əsəri Azərbaycanda da tanınır.
Konfransa videoformatla qoşulan Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər “Ankara Milli Kitabxanasında Baburun əsərləri”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətova “Baburnamə”də təzkirəçilik ənənələri”, institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Məmmədov “Baburun əsərləri ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi” mövzularında məruzələr ediblər.