“Şuşa İli”ndə mədəniyyət paytaxtımızın görkəmli simaları haqqında silsiləmizi davam etdiririk. Bu dəfə Azərbaycanın musiqi beşiyi Qarabağda muğam sənətinin inkişafında mühüm xidmətləri olmuş görkəmli sənətkarlardan Hacı Hüsünü yada salacağıq.
Hüsü Niftalı oğlu Kazımlı 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində anadan olub. Açıqfikirli və məlumatlı olan atası təhsilə, mədəniyyətə önəm verib. Ona görə də erkən çağlardan Hüsünün təlim-tərbiyəsinə diqqət yetirib. O, ilk təhsilini molla məktəbində alır, ərəb, fars dillərini öyrənir. Muğama, musiqiyə maraq göstərir. Çox keçmir şaqraq və məlahətli səsi ilə diqqəti çəkir.
Həmin dövrdə Şuşada xanəndəlik məktəbi açan Xarrat Qulu Hüsünü yanına dəvət edir. Səsini, musiqi duyumunu yoxlayıb məktəbinə yazdırır. O, müəllimindən ifaçılıq sənətinin sirlərini öyrənir. Hüsü şuşalılar qarşısında ilk dəfə tarzən Mirzə Sadıqcanın müşayiəti ilə “Çahargah” oxuyur və alqışlarla qarşılanır. Gündən-günə tanınan və sevilən gənc xanəndənin şöhrəti Azərbaycanın hüdudlarını aşır... İran hökmdarı Nəsrəddin şah 1880-ci ildə gənc Hüsünü Təbrizə oğlunun toy məclisinə dəvət edir. Məşhur İran musiqiçilərinin də çıxış etdiyi toy ziyafəti başa çatanda şah tərəfindən birinci mükafat Hacı Hüsüyə verilir.
Görkəmli musiqişünas Firidun Şuşinski araşdırmasında yazır: “Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi olan Hacı Hüsü, sözün həqiqi mənasında, böyük xanəndə olub. O, bənzərsiz səsi və improvizasiyası ilə xanəndəlik sənətində yeni bir dövr açıb. Eyni zamanda bu sənəti yüksək bir məqama çatdırıb. O, nəinki muğam oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün sahələrində böyük ustad olub. Qədim xalq musiqisini sonsuz bir məhəbbətlə sevib. Şərq, eləcə də Azərbaycan səhnəsi lirik-dramatik, tenor tipli səslər çox görüb. Lakin Şərqdə Hacı Hüsünün səsi kimi hərtərəfli tembr gözəlliyinə malik ikinci bir incə və təravətli səs olmamışdır”.
Sevimli müəllimi Xarrat Qulu dünyasını dəyişəndən sonra Hacı Hüsü tanınmış maarifçi Mir Möhsün Nəvvabla görüşür. Ustadının xatirəsini yaşatmaq, musiqi məclisi yaratmaq fikrini ona bildirir. Beləliklə, Şuşada “Musiqişünaslar məclisi”nin əsası qoyulur. Məclisin üzvləri sadəcə çalıb-oxumaqla kifayətlənmir, həmçinin muğam sənətini inkişaf etdirir və davamçılarını yetişdirirlər. Bir sıra araşdırmalarda bildirilir ki, Hacı Hüsü ilk dəfə olaraq Şuşada “Xanəndələr ittifaqı” da yaradıb. Onun üzvləri arasında dövrün tanınmış ifaçılarından Keçəçioğlu Məhəmməd, Malıbəyli Cümşüd, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları olub.
Hacı Hüsü həm də Xurşidbanu Natəvanın çox hörmət bəslədiyi xanəndələrdən olub. Xan qızının məclislərində yaxından iştirak edib. O, şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mansurovun da məclislərinə tez-tez dəvət edilib.
Hacı Hüsü Şərq klassiklərinin qəzəllərini böyük şövqlə, ilham və məhəbbətlə oxuyub. Bu səbəbdən də xalq arasında “gözəllik aşiqi” adlandırılıb. Hətta haqqında əfsanə və rəvayətlər də yaranıb. Belə qeyd edilir ki, görkəmli sənətkar muğamlar üzərində günlərlə, həftələrlə çalışar, təkmilləşdirər, yeni-yeni guşələr və xallar əlavə edərmiş. O, “Rast”, “Şur”, “Mahur” və başqa muğamlara bənzərsiz yeniliklər gətirib. Musiqişünas F.Şuşinski “Qarabağ xanəndələri” kitabında yazır: “O, “Kürdü” muğamına “Şahnaz”ı əlavə edərək birlikdə “Kürdü-Şahnaz” oxuyub”.
Cəlil bəy Bağdadbəyov “Qarabağ xanəndələri haqqında xatirə” kitabında belə qeyd edir: “Hacı Hüsü oxuyarkən şəhərin uzaq məhəllələrindən gələr və bu cazibəli səsə qulaq asardılar. Onun uzun nəfəsi, bənzərsiz zənguləsi var idi...”.
Görkəmli sənətkar ömrünün müdrik çağlarında Həcc ziyarətində olur. Bundan sonra toy məclislərində oxuması xurafatçılar tərəfindən birmənalı qarşılanmır. O, bunlara əhəmiyyət vermədikdə ruhanilərin təzyiqlərinə məruz qalır.
Hacı Hüsü uzun müddət Şuşada Gövhər ağa məscidində azan çəkər və içindəki yanğını minacatla söndürərmiş. Hərdən minbərdə əvvəlkitək ucadan “Segah” da oxuyar, zilə qalxar və zəngulələri ilə hər kəsi kədərləndirərmiş.
Azərbaycan vokal sənətinin dərin bilicisi, görkəmli xanəndə Hacı Hüsü ömrünün müdrik çağlarında Aşqabad (indi Türkmənistanın paytaxtı) şəhərinə köçüb. Vətəndən uzaq düşən xanəndə burada ehtiyac içində yaşayıb. 1898-ci ildə, 59 yaşında vəfat edib.
Savalan Fərəcov