Dünya Turizm Təşkilatı rəhbərindən ölkələrə çağırış

 

Turizm sektorunun uğurlu bərpası üçün beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa davam etmək lazımdır.

BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili bu barədə RİA “Novosti”yə müsahibəsində bildirib. O qeyd edib ki, UNWTO həmişə ümumi səyahət məhdudiyyətləri ilə bağlı Dünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alıb. Biz bütün hökumətləri təşkilatın son tövsiyələrinə əməl etməsini istəyirik.

Qeyd edək ki, DST-ün son tövsiyələri zəruri və ya yüngülləşdirilmiş məhdudiyyətləri yenidən nəzərdən keçirərək onların aradan qaldırılmasından ibarətdir.

Pololikaşvilinin fikrincə, COVİD-19 peyvənd sertifikatları test və nəzarətlə birlikdə turizmin effektiv, təhlükəsiz və ədalətli şəkildə bərpası üçün həllin bir hissəsidir: “Turizmi yenidən hərəkətə gətirməyin yeganə yolu məlumatlara əsaslanan yanaşmadır, bu, eyni zamanda insanlar üçün maksimum təhlükəsizliyi təmin edir”.

Onun sözlərinə görə, dünyada turizm sektorunun bərpası kövrək və qeyri-bərabər olaraq qalır, buna görə də UNWTO bütün hökumətləri həm praktiki, həm də maliyyə tədbirləri ilə turizm sektorunu dəstəkləməyə davam etməyə çağırır. Qeyd edək ki, artıq bir sıra ölkələr koronavirus əleyhinə peyvəndləmə tədbirlərini də nəzərə alaraq, mart ayından xarici turistlər üçün sərhədləri açmaq niyyətindədir. Bu sırada ilk addımlardan birini Avstraliya atıb.