Bəşəriyyət əleyhinə cinayət hesab olunan Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. Bu münasibətlə ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirilir, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi qırğınların ağır nəticələrinə diqqət çəkilir.

Mədəniyyət Nazirliyinin regional idarələrinin əhatə etdiyi müəssisələrdə də XX yüzilliyin ən qanlı faciələrindən olan Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri təşkil olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xocalı – faciədən doğan intiqam" adlı tədbir keçirilib. Sabirabad Rayon Bayraq Muzeyində təşkil olunan tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov faciə haqqında məlumat verib.

Tədbirin bədii hissəsində Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət "Mübarizlər" teatrının hazırladığı "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Saatlı Dövlət Rəsm Qalereyası və rayon MKS-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Xocalı qəhrəmanlıq salnaməsidir” adlı rəsm sərgisi nümayiş etdirilib.

***

Masallı RMİ, Cəlilabad Dövlət Rəsm Qalereyası, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Xocalı qan yaddaşımızdır” mövzusunda keçirilən rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqədə 80-dən çox iştirakçının rəsmləri nümayiş olunub. Qaliblər təşkilatçı qurumların diplomları ilə təltif edilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi rayonun Bədəlan kənd tam orta məktəbində "Qar üstündə qan" adlı tədbir keçirib. Şagirdlərin hazırladıqları "Xocalı harayı" adlı bədii kompozisiya, Xocalı faciəsindən bəhs edən videoçarx və fotosərgi nümayiş etdirilib.

***

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Beyləqan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı" adlı elmi-praktik konfrans keçirilib. Çıxış edənlər 30 il əvvəl bədnam ermənilər tərəfindən Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən, günahsız insanların başına gətirilən müsibətlərdən bəhs ediblər. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

***

Lənkəran RMİ Astara rayon Mərkəzi Kitabxanasında “Xocalı soyqırımı sülh və bəşəriyyət əleyhinə törədilmiş cinayətdir” mövzusunda anım tədbiri keçirilib.

Tədbirdə Astara rayon MKS-nin direktor əvəzi Natəvan Mədətzadə və digərləri çıxış ediblər. Məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər ifa edib, iştirakçılar sərgi ilə tanış olublar.

***

Sumqayıt RMİ Əhməd Bakıxanov adına Uşaq incəsənət məktəbi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Bir yurd vardı – Xocalı..." adlı sərgi təşkil olunub. Sərginin açılışında çıxış edən Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev Xocalı soyqırımı haqqında məlumat verib. Qeyd edib ki, tarixi ədalətin bərqərar olması, bəşəriyyətə qarşı belə cinayətlərin təkrar olunmaması üçün Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Sonra məktəbin Rəssamlıq şöbəsi şagirdlərinin əl işləri nümayiş olunub. Yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.

Xızı rayon Heydər Əliyev Mərkəzində "Xocalıda yarım qalan arzular" adlı anım tədbiri keçirilib. Tədbirdə Xızı rayon R.İsmayılov adına tam orta məktəbin hazırladığı faciə qurbanlarının xatirəsinə həsr olunan “Qan içində çiçəklər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sumqayıtın Tarixi Muzeyi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, “28 May” Diyarşünaslıq evi, Abşeron rayon Mədəniyyət Mərkəzinin filial müəssisələri olan Fatmayı kənd Diyarşünaslıq klubu və Mehdiabad qəsəbə Diyarşünaslıq evi, Şuşa rayon MKS-nin Uşaq şöbəsi, Xızı rayonunda yerləşən Mikayıl Müşfiqin Xatirə Muzeyi və Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbi də Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı tədbirlər təşkil edib.

***

İsmayıllı RMİ İsmayıllı Heydər Əliyev Mərkəzi və Almaniyanın Türk Tarixi və Mədəniyyətləri Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan beynəlxalq onlayn konfrans keçirilib. Konfransda müxtəlif ölkələrdəki Azərbaycan diasporunun üzvləri, alimlər, tarixçilər, yazıçılar, hadisələrin canlı şahidi olmuş Xocalı sakinləri və şəhid ailələri iştirak ediblər. Tədbirdə Almaniya Türk Tarixi və Mədəniyyətləri Muzeyinin direktoru Cəmaləddin Özdəmir, İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov və başqalarının çıxışları dinlənilib. Sonra diskussiya formatında davam edən konfransa Dövlət himnimizin səsləndirilməsi ilə yekun vurulub.

***

Şəki RMİ Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin Şəki Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı qonaqlar Xocalıda törədilmiş soyqırımı əks etdirən “Xocalı həqiqətləri” adlı foto və kitab sərgisi ilə tanış olublar.

***

Şəmkir RMİ Şəmkir rayon MKS-nin Oxuculara xidmət şöbəsi “Xocalıya ədalət!” adlı anım günü təşkil edib. Tədbirdə Xocalı faciəsi haqqında videoçarx nümayiş olunub, eyniadlı kitab sərgisi təqdim edilib.

***

Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində keçirilən "Xocalıya ədalət!" adlı tədbirdə muzeyin direktoru Sahib Məmmədov, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov çıxış ediblər. Çıxışlardan sonra R.Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin VI sinif şagirdlərinin hazırladığı kompozisiya nümayiş etdirilib.

***

Ağstafa RMİ və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində “Qanımız yerdə qalmadı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. sonra “Xocalı – bir millətin kədəri” adlı film nümayiş etdirilib.

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası tərəfindən şəhər parkında "Yer üzündə bir şəhid şəhər var – Xocalı!" adlı səyyar sərgi təşkil edilib. Sərgidə Xocalı faciəsinə həsr edilən kitab və dövri mətbuat materialları və fotolar nümayiş olunub.

***

Gəncə RMİ Gəncə şəhər Uşaq incəsənət məktəbinin filialında "Xocalı – şəhid şəhər" adlı rəsm sərgisi təşkil edilib. Samux rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Külə dönmüş şəhər” adlı rəsm sərgisi keçirilib. Naftalan şəhər Heydər Əliyev Mərkəzində isə Xocalı soyqırımı ilə bağlı açıq dərs keçirilib.

***

Xaçmaz RMİ Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Xocalını unutmayaq” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Kompozisiyada ermənilərin Xocalıda törətdikləri vəhşiliklər və 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qazandığı tarixi Qələbədən bəhs edilib. Siyəzən rayon Mədəniyyət Mərkəzində isə “Xocalı fəryadı” adlı rəsm sərgisi açılıb.

***

Ağdaş RMİ Ağdaş rayon Mədəniyyət Mərkəzində soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə iştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində “Əsrin faciəsi – Xocalı” adlı kitab sərgisi və mərkəzin rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət rəsm əsərləri ilə tanış olublar. Sonra Mədəniyyət Mərkəzinin Xalq teatrının təqdimatında mərkəzin bədii rəhbəri Çingiz Qasımovun ssenarisi əsasında hazırlanmış “Xocalıda bir gün” adlı səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Ağdaş rayon Heydər Əliyev Mərkəzi, Ağdaş Dövlət Rəsm Qalereyası və Ağdaş 2 saylı Gənclər kitabxanasının birgə təşkilatçılığı ilə yerli rəssam və şagirdlərin əl işlərindən ibarət sərgi açılıb.

***

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzinin Qarabağlı Diyarşünaslıq evində "Xocalı harayı" adlı anım tədbiri keçirilib. Tədbirdə Qarabağlı Diyarşünaslıq evi, Abadkənd, Kərimbəyli, Parça-Xələc kənd klubları, Qarabağlı və Kərimbəyli kənd kitabxanaları nümayəndələrinin və məktəblilərin iştirakı ilə kompozisiya təqdim edilib.

***

Bərdə RMİ Yevlax şəhər 2 nömrəli Uşaq musiqi məktəbində "Xocalı harayı" adlı tədbir keçirilib. Tədbirdə əsrin faciəsi haqqında söz açılıb, bu genosid faktına dünya birliyi tərəfindən siyasi, hüquqi qiymət verilməsinin vacibliyi bildirilib.

Hazırladı: N.Məmmədli