İşğalçı erməni silahlı dəstələrinin sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı həyata keçirdiyi soyqırımının 30 ili tamam oldu. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı qırğını təkcə Azərbaycan xalqına deyil, bütün insanlıq əleyhinə cinayət kimi tarixin qara səhifəsinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar 2022-ci il tarixdə faciənin otuzuncu ildönümünün qeyd olunması haqqında sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar ölkəmizdə və xaricdə faciə qurbanlarının xatirəsinin yad olunması məqsədilə silsilə tədbirlər – sərgi, konfrans, anım konserti, film nümayişləri və s. təşkil edildi.

Fevralın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında anım konserti keçirildi. Konsertdə mədəniyyət naziri Anar Kərimov, nazirliyin əməkdaşları və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konsert proqramında ilk olaraq Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Mustafa Mehmandarov) Aqşin Əlizadənin 5 nömrəli simfoniyasını səsləndirdi. Ardınca Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyasından III hissə və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Laylay” ifa olundu.

Sonra səhnəyə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) çıxdı. Xorun ifasında səslənən Rauf Əliyevin “Azadlığa gedən yollar” və “Xocalıya ithaf” əsərləri otuz il əvvəl yaşanan bəşəri müsibətin yaddaşlardan heç zaman silinməyəcəyinin təcəssümü idi.

Nurəddin