F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar yazıçı-publisist, Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Xocalıda və Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs Vətən savaşında mərdliklə döyüşərək şəhid olmuş vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kitabxananın direktoru Şəhla Qəmbərova çıxışında Xocalı faciəsi haqqında ətraflı məlumat verərək deyib: “Dünyada az belə faciə var ki, Xocalıda törədilən vəhşiliklərlə müqayisə edilsin, mənəvi dəyərlərə zidd olan qətl və zorakılıq kimi qeyri-insani cinayət əməlləri törədilsin. Fevralın 25-dən 26-na keçən gecə Xocalıda yüzlərlə əliyalın, müdafiəsiz sakinlər erməni işğalçılarının amansız hücumuna məruz qalaraq məhv edilib. Qocalara, uşaqlara, hətta hamilə qadınlara belə rəhm edilməyib. Elə bu baxımdan da amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamını daima təbliğ edərək gələcək nəsillərə çatdırmaq biz kitabxanaçıların da borcudur”.

Zemfira Məhərrəmlinin sayca 15-ci kitabı olan “Bədii düşüncədə Qarabağ” taleyimizə yazılan 30 illik savaşın başlanğıcından 44 günlük Vətən müharibəsinədək olan bir dövrü əhatə edir.

Kitaba ön söz yazmış “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, kitabın redaktoru şair-tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli və digər çıxış edənlər nəşr haqqında fikirlərini bölüşüblər.

Sonra Zemfira Məhərrəmli tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.