P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Vokal kafedrasının dosenti Yekaterina Skusniçenko Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən martın 3-dən 11-dək teatrın solistləri ilə ustad dərsləri keçmək üçün Bakıya dəvət olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Y.Skusniçenko uzun illər Rusiya Akademik Böyük Teatrının aparıcı solisti olub. Vokalçı Böyük Teatrın səhnəsində Ç.Puççininin “ Turandot” (Liu ), “Bohema” (Mimi və Muzetta), “Madam Batterflyay” (Çio-Çio-San), Ç.Verdinin “Otello” (Dezdemona), P.Çaykovskinin “İolanta” (İolanta), “Qaratoxmaq qadın” (Liza), S.Raxmaninovun “Aleko” (Zemfira) kimi operalarında əsas partiyaları ifa edib, bir çox ölkələrdə qastrol səfərlərində olub.

Moskva Dövlət Konservatoriyasındakı fəaliyyəti dövründə Y.Skusniçenkonun tələbələri müxtəlif beynəlxalq müsabiqələrin laureatları olublar.  O, “Soprano ərazisi” konsert-yaradıcılıq layihəsinin bədii rəhbəridir. Layihə gənc və istedadlı müğənnilərlə təcrübəli vokalçıların – dünya sənət ulduzlarının qarşılıqlı birgə fəaliyyətinin istiqamətləndirilməsi məqsədini daşıyır. Y.Skusniçenko həmçinin “Yeni musiqi ərazisi”  Assosiasiyasının təsisçi və baş direktoru kimi gənc musiqiçilərin tanınmış səhnə ustaları ilə təcrübə mübadiləsi və birgə fəaliyyəti  nəticəsində klassik milli musiqi sənətinin populyarlaşması sahəsində çalışır.