Azərbaycan
2 mart 1828 – Tarixçi, şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir (1828 – 9.1.1903) anadan olub. Qarabağ xanlığının tarixinə dair kitabın müəllifidir. Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindəndir, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atasıdır.
2 mart 1945 – Tərcüməçi, nasir, filologiya elmləri doktoru Zeydulla Abdulla oğlu Ağayev (1945 – 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.
3 mart 1873 – Yazıçı, tərcüməçi Abdulla bəy İsmayıl oğlu Əfəndizadə (1873-1928) Şəkidə doğulub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub, uşaqlar üçün şeirlər, hekayələr yazıb. Görkəmli maarifpərvər Rəşid bəy Əfəndiyevin qardaşıdır.
3 mart 1875 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, memar Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 – 9.2.1931) anadan olub. Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, 1931-ci ildə həbs edilərək güllələnib.
3 mart 1904 – Əməkdar artist Abbas Mirzə oğlu Rzayev (1904 – 12.6.1976) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. 1926-cı ildən Akademik Dram Teatrının truppasında aktyor kimi fəaliyyət göstərib.
3 mart 1912 – Yazıçı Manaf Süleymanov (1912 – 12.9.2001) anadan olub. Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.
3 mart 1914 – Əməkdar artist Cəvahir Allahverdi qızı İsgəndərova (1914 – 4.10.2003) Tiflisdə doğulub. Gənc Tamaşaçılar Teatrının ilk aktrisalarından (1927-ci ildən) olub.
3 mart 1926 – Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 – 22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. S.Vurğun, C.Cabbarlı, M.Dilbazi və başqa ədiblərin əsərlərini fars dilinə tərcümə edib.
3 mart 1928 – Yazıçı Namiq Ələkbər oğlu Abdullayev (1928-1992) anadan olub. Fantastik mövzuda “Sehrli oğlan”, “İtirilmiş dünya”, “Balaca Kiberin macəraları” və s. kitabların müəllifidir.
3 mart 1937 – Yazıçı Fərman İsmayıl oğlu Kərimzadə (1937 – 17.3.1989) Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində doğulub. “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. Bədii (“Axırıncı aşırım”) və sənədli filmlər üçün ssenarilər yazıb.
4 mart 1919 – Görkəmli aktyor, rejissor Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyətində, “Nicat” teatr cəmiyyətində çalışıb. 1916-cı ildə “Neft və milyonlar səltənətində” filmində Lütfəli bəy rolunu oynayıb.
4 mart 1919 – Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. Bakıda memarlıq nümunələri olan binalar (AMEA-nın Rəyasət Heyəti (“İsmailiyyə”), Dövlət Neft Şirkətinin köhnə binası, “Üns” teatrının binası və s.) inşa etdirib.
Dünya
2 mart 1824 – Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana; 1824-1884) anadan olub.
2 mart 1859 – Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç; 1859-1916) anadan olub.
3 mart 1879 – Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.
3 mart 1919 – Cənubi Afrika yazıçısı Peter Abrahams (1919-2017) anadan olub. Qara Qarayev yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında balet (libretto müəllifi – Y.Slonimski) yazıb.
4 mart 1678 – İtalyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi; 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) əsəri ilə şöhrət qazanıb.
4 mart 1908 – Rus yazıçısı Boris Nikolayeviç Polevoy (əsl soyadı Kampov; 1908-1981) anadan olub. “Əsl insan haqqında povest”i ilə məşhurdur.
4 mart 1925 – Fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat; 1925-2006) anadan olub.
Hazırladı: Vüqar Orxan