Milli İncəsənət Muzeyinin “Bədii lövhələr” layihəsi davam edir

 

Yurdumuza bahar gəlir. Baharın gəlişi həm də Novruzun gəlişidir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların tumurcuqlarında gəlir xalqımızın Novruzu...

Baharın gəlişini duymaq, estetik zövq almaq üçün Azərbaycan Milli İncəsənət Muzeyi mart ayı boyunca 3-15 yaş arası uşaqları əyləncəli və maarifləndirici ustad dərslərini əhatə edən tədbirlərə dəvət edir.

Muzeyin “Bədii lövhələr” layihəsində təqdim olunan “Yetişdi fəsli-bahar” adlı proqram balaca sənətsevərlərə unudulmaz duyğular yaşadacaq.

Novruz bayramının mənşəyi və adətlərindən bəhs edən mühazirə ilə başlayan proqram ustad dərsləri ilə davam edəcək. Balacalar “Bahar xonçası” adlı kompozisiyanı boyayacaq, eləcə də muzeyin binalarını ziyarət edərək zəngin bədii sənət irsimizin sehrinə qərq olacaqlar.