Yaponiyanın “wpb.shueisha.co.jp” saytında tanınmış səyyah Marişanın Bakının memarlıq gözəllikləri və Azərbaycan mətbəxindən bəhs edən təəssüratları barədə məqalə yayımlanıb.
Yaponiyada “Səyyah Marişa” adı ilə tanınan Mariko Hirakava məqaləni bu yaxınlarda Azərbaycana baş tutan səyahətindən sonra yazıb.
“Dünyanı heyran edən memarlıq və yapon mətbəxini xatırladan Azərbaycan dolması” adlı məqalədə müəllif Bakıya səfəri zamanı ilk addımdan heyranlığını saxlaya bilmədiyini vurğulayır. Qeyd edir ki, Bakının bir çox səyyahlar tərəfindən “İkinci Dubay” adlandırılmasının təsadüfi olmadığını öz gözləri ilə görüb. Vurğulayır ki, Azərbaycan neft və qazdan gələn mənfəət hesabına paytaxtın mükəmməl inkişafını təmin edib.
Azərbaycan mətbəxi ilə tanışlığı barədə yazan müəllif sifariş verdiyi ilk yeməyin “dolma” adı ilə onun diqqətini cəlb etdiyini bildirir. Bu adın ona Özbəkistandan tanış olduğunu, lakin Azərbaycanda onun tamamilə fərqləndiyini qeyd edir. Səyyah Marişa “üç bacı” dolmasının dadı ilə onu valeh etdiyini vurğulayır, yeməyin hazırlanması zamanı istifadə edilən inqredientlər barədə yapon oxuculara ətraflı məlumat verir. Qeyd edir ki, Azərbaycanda dolmanın müxtəlif tərəvəzlərdən, ət və yaponların sevimli yeməyi olan düyüdən hazırlanan bir çox növləri məlumdur. Səyyah restoranın mətbəxində dolamanın hazırlanmasını videoya çəkərək, bunu həm məqalədə, həm də özünün sosial şəbəkə səhifələrində paylaşıb.
Məqaləyə Bakının memarlığı və Azərbaycan mətbəxini əks etdirən fotolar əlavə edilib.
Səyyah Marişa son 12 ildə dünyanın 125 ölkəsinə səfər edib, Yer kürəsini 5 dəfə dolanıb. Onun sosial şəbəkələrdəki səhifələrinin yüz minlərlə izləyicisi var.