Ötən həftə Türkiyənin Ərzurum şəhərində Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin (KUDAKA) dəstəyi ilə “Anadolunun zirvəsində beynəlxalq tanıtım və əməkdaşlıq görüşü” adlı tədbir keçirilib.
İkinci dəfə keçirilən beynəlxalq tədbirdə dünyanın 16 ölkəsindən 120 nəfər, Türkiyə Cümhuriyyətindən isə 200-dən artıq iştirakçı qatılıb.
Zirvə görüşündə ölkəmizin təmsilçiləri sırasında Azərbaycan Turizm İnstitutunun iki əməkdaşı - Şəhla Əhmədova və Nərminə Abdullayeva da olub. Ərzurumun Atatürk Universitetində gerçəkləşən mərasimdə çıxış edən Türkiyənin səhiyyə naziri professor Rəcəb Akdağ xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib, KUDAKA-nın işinə uğurlar arzulayıb. Sonra Ərzurumun qış turizmini əks etdirən videoçarxının təqdimatı keçirilib.
Tədbirlər planına əsasən KUDAKA öz işini müxtəlif bölmələr üzrə üç şəhərdə - böyük turizm potensialına malik Ərzurum, sənaye əhəmiyyətli Ərzincan və heyvandarlıq təmayüllü Bayburtda davam etdirib. ATİ-nin nümayəndələri səfər çərçivəsində Ərzurum şəhərinin tarixi-memarlıq abidələri, görməli yerləri və qış turizmi kompleksi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Fəxriyyə