Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovun hazırladığı “Azərbaycan bəstəkarlarının əsərləri (saz və fortepiano üçün köçürmə və işləmələr)” adlı not vəsaiti nəşr olunub. Martın 1-də paytaxtdakı G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində nəşrin təqdimatı olub.
Aşıq sənəti üzrə ilk fundamental not vəsaiti əsasən uşaq musiqi və incəsənət məktəblərində, habelə digər bədii təhsil müəssisələrində aşıq sənəti sahəsində ehtiyacların təmin olunması, repertuarın zənginləşdirilməsi, habelə festival və müsabiqələrin proqramının əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Tədbiri G.Şaroyev adına məktəbin direktoru Vəfa Həziyeva açaraq iştirakçıları salamlayıb.
MEMİM-in direktoru Səadət Xələfbəyli giriş sözündə saz-söz sənətimizin böyük tarixi olduğunu, zəngin tarixi ənənələri özündə yaşadan Azərbaycanın aşıq sənətinin 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini bildirib.
Müəllif Hafiz Kərimov kitab haqqında məlumat verib. Qeyd edib ki, hazırda bədii təhsil müəssisələrində dövrün tələbinə uyğun olaraq musiqi duyumu və şifahi ənənə ilə yanaşı saz ifaçılığı fənninin notla tədrisi həyata keçirilir. Saz aləti ilə bağlı olan dərs vəsaitlərinin məhdudluğu yeni tədris materiallarının nəşr olunmasını zərurətə çevirib. H.Kərimov kitabda əhatə olunan mövzuları, praktik ifa və tədris metodikasını sahə üzrə alim və mütəxəssislərin, saz ixtisasını tədris edən pedaqoqların diqqətinə çatdırıb.
Tədbirdə ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktorları Samirə Əliyeva, Fəzail Miskinli, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədov, Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev, ADMİU-nun saz ixtisası üzrə müəllimi Murad Səmədzadə, Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin saz ixtisası fənnini tədris edən müəllim heyəti iştirak edib.
Çıxış edənlər respublikada saz ixtisası tədris edilən uşaq musiqi və incəsənət məktəblərinin, habelə Gədəbəy Aşıq Məktəbinin profil üzrə inkişafı məqsədilə çoxsaylı dərslik və metodiki vəsaitlərə ehtiyac duyduğunu, usta-şagird kontekstində ənənə ilə nəsildən-nəslə ötürülən aşıq sənətində təhsilin və müasir musiqinin inkişafı fonunda eyni zamanda notla tədrisin də əhəmiyyətini qeyd ediblər.
Mütəxəssislər nəşrin ərsəyə gəlməsinə dəstək göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə təşəkkürlərini bildirib və bu istiqamətdə işlərin davam etməsinin vacibliyini vurğulayıblar.
Təqdimat zamanı ADMİU-nun III kurs tələbəsi Ayxan Məlikov, IV kurs tələbəsi Xavər Hüseynova və Xırdalan şəhər 11 illik Musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Nəsib Həsənovun ifasında not vəsaitindən nümunələr də səsləndirilib.