Martın 2-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi münasibətilə hazırlanmış “Əbədiyyət yolçusu” adlı kitab-albomun təqdimatı olub.

Nəşrin tərtibçisi, ön söz müəllifi və redaktoru Mustafa Çəmənli, layihənin ideya müəllifi "Təhsil Nəşriyyatı-Poliqrafiya" müəssisəsinin direktoru Tural Axundov, nəşriyyat redaktoru Gülər Ələkbərqızıdır.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Əbdürrəhim bəy Haqverdiyevin bütün yaradıcılığı ilə tanınmağa layiq bir ədib olduğunu söyləyib. Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ədibin vətəni işğaldan azad olundu. Şübhəsiz, bu onun ruhunu şad etdi.

Qeyd edilib ki, “Təhsil” nəşriyyatında çap olunan kitaba Əbdürrəhim bəy Haqverdiyev haqqında dövri mətbuatda dərc olunmuş məqalələr, xatirələr, ədibin həyatının müxtəlif anlarını əks etdirən şəkillər, kitablarına çəkilmiş illüstrasiyalar, səhnə əsərləri və hekayələri əsasında hazırlanmış televiziya və teatr tamaşalarından, bədii filmlərdən fotolar toplanıb.

Yeni nəşrin ədibin xatirəsinə hədiyyə olduğunu deyən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Haqverdiyev çoxşaxəli bir insan idi. Kitabda Haqverdiyevin gözəl hekayələrindən başqa, teatr mövzusunda bir məqaləsi də yer alıb.

Diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyev nəşrin ərsəyə gəlməsində zəhmət çəkən hər kəsə təşəkkürünü bildirib, ədibin yaradıcılıq yolundan söz açıb. Qeyd edib ki, Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb. M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik pyes yazıb. Sankt-Peterburqda təhsil alarkən bədii yaradıcılığa həvəsi daha da artıb. Orada "Yeyərsən qaz ətini, görərsən ləzzətini" və "Dağılan tifaq" əsərlərini yazıb.

1899-cu ildə Azərbaycana qayıdan Ə.Haqverdiyev bir müddət Bakıda yaşayıb. Müəllimliklə məşğul olub, teatrlarda tamaşalara rejissorluq edib. Eyni zamanda, bədii yaradıcılığını davam etdirib. "Bəxtsiz cavan" və "Pəri-cadu" faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında felyetonlar, məzhəkələr çap etdirib.

Vilayət Quliyev onu da diqqətə çatdırıb ki, Haqverdiyevin 150 illiyi ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamından sonra yazıçının “Uca dağ başında” hekayəsi macar dilinə tərcümə olunub. Bu yaxınlarda macar rejissoru Haqverdiyev haqqında film çəkmək istədiyi bildirib. Bu onu göstərir ki, Haqverdiyevin yaradıcılığı dünya üçün maraqlıdır.

Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva qeyd edib ki, Haqverdiyev böyük Azərbaycan ziyalısıdır və hər şeydən əvvəl vətənpərvərdir. Onun milli vətənpərvərlik ruhunda yazdığı əsərlərdə Qarabağ abı-havası duyulur. O, səyahətnamə janrını “Molla Nəsrəddin” jurnalına gətirən ədibdir.

Təqdimatda daha sonra Əməkdar incəsənət xadimləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, yazıçı-dramaturq Əli Əmirli, Əməkdar jurnalist Tahir Aydınoğlu, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı və başqaları çıxış ediblər. Natiqlər kitabın hazırlanmasında böyük zəhməti keçən Mustafa Çəmənliyə təşəkkürlərini bildiriblər.

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Mustafa Çəmənli deyib ki, görkəmli şəxsiyyətlər haqqında kitab tərtib etmək olduqca məsuliyyətli işdir. Çalışdım ki, bu yeni kitab da böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə töhfə olsun.